İsrailin Qəzzada əməliyyatlarını genişləndirməyə hazırlaşdığı vaxtda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan zərbə qrupunu göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Pentaqonun açıqlamasında deyilir ki, ABŞ İsrailə qarşı kənar müdaxilələrin qarşısını almaq üçün bölgəyə ikinci təyyarədaşıyan gəmisini göndərib.
ABŞ hərbi gəmiləri İsrailin Qəzza və digər əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmayıb. Mənbə bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən güclü iki gəmisinin bölgəyə göndərilməsi İran və onun dəstəklədiyi “Hizbullah” xəbərdarlıqdır.
Bu həftənin əvvəlində “Cerald Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi ilk təyyarədaşıyan zərbə qrupu artıq İsrail sahillərinə çatıb. İndi ikinci zərbə qrupu “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisində Aralıq dənizinin şərqinə doğru gedir. Gəminin İsrailə yaxın sularda yerləşəcəyi bildirilir.
“Duayt Eyzenhauer” gələndən sonra “Cerald Ford”un orada nə qədər qalacağı məlum deyil. Co Baydenin administrasiyası açıq şəkildə bildirib ki, təyyarədaşıyan gəmi və onu müşayiət edən qüvvələr İsrailin hərbi əməliyyatlarına cəlb olunmayacaq, məqsəd başqalarını, o cümlədən “Hizbullah”ı münaqişəyə girməkdən çəkindirməkdir.
Ayrıca, ABŞ rəsmiləri CNN-ə deyiblər ki, 26-cı Dəniz Ekspedisiya Qüvvələri Amerika qüvvələrini gücləndirmək üçün İsrailə yaxınlaşmağa hazırlaşır. “Duayt Eyzenhauer” bir raket kreyseri və iki eskadrilya minaaxtaran gəmisi ilə birləşəcək aviadaşıyıcı zərbə qrupunun flaqmanıdır.
Pentaqonun sözçüsü Patrik Rayder bundan əvvəl bölgəyə göndərilən hərbi gəmilər və qırıcıların İsrail üçün olmadığını söyləyib.