HƏMAS-İsrail savaşının davam etdiyi vaxtda ABŞ-ın İraqdakı hərbi bazalarına PUA-larla hücumların sayı artıb.
Teleqraf.com xəbər verir ki, ən son pilotsuz təyyarə hücumu İraqın qərbindəki Əl-Əsəd hava bazasına edilib.
İraqdakı “İslam Müqaviməti” Hərəkatı məsuliyyəti üzərinə götürən bəyanat yayaraq, bazaya bir raket zərbəsi vurduqlarını bildirib. Hərəkatın iddiasına görə, hədəflər birbaşa və dəqiq vurulub.
“Röyter” ABŞ hərbçiləri ilə yanaşı, digər beynəlxalq qüvvələrin də yerləşdiyi bazada çoxsaylı partlayış səslərinin eşidildiyini yazıb.
ABŞ rəsmisi agentliyə deyib ki, bundan əvvəl Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ və koalisiya qüvvələrinə raket zərbəsi endirilib. İlkin qiymətləndirmələr iki raketin atıldığını göstərir. Raketlərdən biri zərərsizləşdirilsə də, digəri anbara dəyib.
İsrail mediası bundan əvvəl ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarının İranın dəstəklədiyi terrorçu qruplaşmalar tərəfindən hədəfə alındığını bildirmişdi. Hücumlarda İran PUA-larından istifadə olunduğu bildirilir.