24 Oktyabr 2023 23:12
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin yaxın illərdə baş verə biləcək Tayvana hücum üçün qüvvələrini gücləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

“Çin ordusu kiberhücumlar, Tayvanın dənizdən blokadası və bir neçə işğal planı da daxil olmaqla bir sıra əməliyyatlar planlaşdırır. Əməliyyatların məqsədi Tayvanı materiklə birləşmədən əvvəl təslim olmağa məcbur etmək və ya Tayvan liderlərini Pekinlə danışıqlar aparmağa məcbur etmək olacaq”, - məqalədə deyilir.

Çinin hərbi münaqişədə nəzərdən keçirdiyi variantlardan biri Tayvana həyati əhəmiyyətli idxalı kəsmək və onu təslim olmağa məcbur etmək üçün nəzərdə tutulmuş hava və dəniz blokadası ola bilər. İddiaya görə, blokada planına irimiqyaslı raket zərbələri və Tayvan adalarının ələ keçirilməsi daxildir.

Təhlildə vurğulanır ki, Çinin hava və dəniz qüvvələri zərurət yaranarsa, həftələr və ya aylarla blokada əməliyyatları aparacaq, Tayvanı təcrid etmək və münaqişə ilə bağlı beynəlxalq rəyə nəzarət etmək üçün elektron və informasiya müharibəsindən istifadə ediləcək.

İkinci variant kiçikmiqyaslı əməliyyatın bir hissəsi kimi dağıdıcı, cəzalandırıcı və ya öldürücü hərbi hücumlar da daxil olmaqla məhdud gücdən istifadəni və ya məcburetmə təbdirlərini əhatə edir. Bunlar qlobal baxışları formalaşdırmaq və Tayvan hökumətinin legitimliyini sarsıtmaq məqsədi daşıyan açıq-gizli iqtisadi-siyasi əməliyyatlarla dəstəklənəcək.

“Blokada zamanı Tayvanın siyasi, hərbi və iqtisadi infrastrukturuna məhdud hərbi zərbələrlə yanaşı, kompüter şəbəkələrinə hücumlardan da istifadə ediləcək. Məqsəd Tayvanda qorxu yaratmaq və ictimaiyyətin hökumətə inamını sarsıtmaqdır”, - təhlildə vurğulanır.

Bundan əlavə, planlarda Çin ordusunun xüsusi təyinatlı qüvvələrinin Tayvana sızması və infrastruktura və ya komandanlıq obyektlərinə təxribat hücumları həyata keçirilməsi nəzərdə tutulur.

Üçüncü variant hökumət obyektləri kimi əsas hədəflərə hava və raket zərbələri endirilməsini nəzərdə tutur.

Dördüncüsü, Çin Tayvana desant çıxarmağı planlaşdırır.

Çin ordusu üçün son variant kiçik adaları ələ keçirmək kampaniyası olacaq.

ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) nəşrə bildirilib ki, Çin ordusu yeni silahlar, mobil qüvvələr və sürətli zərbə imkanlarından istifadə edərək Tayvan boğazı boyunca mövqelərini gücləndirib. Pentaqonun hesabatına görə, hazırda Çinin Tayvan yaxınlığında 420 minə yaxın hərbçisi var, bu da ötən illə müqayisədə 4 min nəfər çoxdur. Müqayisə üçün qeyd edək ki, Tayvan Silahlı Qüvvələri 89 min hərbçidən ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər