Ukrayna Silahlı Qüvvələrinə bağlı “Sibir” batalyonu tamamilə Rusiya vətəndaşlarından ibarətdir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Batalyonda Ukrayna ordusunun sıralarına qoşulmaq üçün bu ölkəyə gələn onlarla rus və Rusiyanın etnik azlıqlarının nümayəndəsi xidmət edir. İddiaya görə, onların arasında Ukraynanın qələbəsini Rusiyadan müstəqillik əldə etmək fürsəti hesab edən yakutlar və buryatlar da var.
Müqavilə imzalanmazdan əvvəl Rusiya vətəndaşları bir ilə qədər davam edə biləcək hərtərəfli yoxlamadan keçirlər. Batalyon əsir düşmüş rus hərbçilərini işə götürmür.
“Kreml rejimini məhv etməliyik. Mən Yakutiyanın azad demokratik ölkə olmasını istəyirəm, çox zəngin ölkədir, amma oradakı insanlar çox kasıbdır. Yalnız Putinə xidmət edən dövlət məmurları varlanırlar”, - 29 yaşlı yakut Varqan deyir.
Moskva vilayətindən olan 41 yaşlı Qandinin fikri isə belədir:
“Hiss etdim ki, bir rus olaraq buna görə məsuliyyət daşıyıram. Ölkəmdən gələn pisliyə şərik olduğumu hiss etmək mənim üçün qorxuncdur”.
Moskvadan olan 29 yaşlı Martin rus imperiyasının dağılmasını arzulayır:
“Rusiya devrilməli olan bir imperiyadır, dünyanın ən böyük ölkəsinin müxtəlif yerlərində yaşayan insanlar necə yaşayacaqlarına özləri qərar verə bilməlidirlər”.