31 Oktyabr 2023 16:03
2 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub.

“Vətəndaş təşəbbüsü” Partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, - Nadejdin deyib.

Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev bu xahişi qəbul edib və namizədliyini təsdiqləyib.

“Vətəndaş Təşəbbüsü” Partiyası Dövlət Dumasında və ya regional parlamentlərdə təmsil olunmur.

Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır.

Nadejdin 53 regionda imzatoplama qərargahının fəaliyyət göstərəcəyini açıqlayıb. O bildirib ki, partiya artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. Siyasətçi Şimali Qafqaz və Ukraynanın ilhaq edilmiş ərazilərində imza toplaymayacağını vurğulayıb.

Nadejdin indi Moskva vilayətinin Dolqoprudnı şəhər şurasının üzvüdür. Siyasi karyerasına 1990-1997-ci illərdə deputat olduğu Dolqoprudnı şəhər sovetində başlayıb. 1995-ci ilin dekabrında ikinci çağırış Dövlət Dumasına namizəd kimi iştirak etməyə çalışıb, amma məğlub olub.

1997-1998-ci illərdə baş nazirin birinci müavini, həmçinin prezidentin aparatı rəhbərinin hazırkı birinci müavini Sergey Kirienkonun köməkçisi olub. 1999-cu ildə “Sağ Qüvvələr Birliyi” Partiyasının siyasi şurasına daxil olub, Dövlət Dumasının deputatı seçilib və onun fraksiyasının vitse-prezidenti postunu tutub.

2012-ci il prezident seçkilərində Nadejdin “Ədalətli Rusiya” Partiyasının hazırkı rəhbəri Sergey Mironovun etibarlı adamı idi. 2015-ci ildə hakim “Vahid Rusiya” Partiyasının praymerizində iştirak edib, amma İrina Rodninaya uduzub. 2016-cı il seçkilərində onun namizədliyi “Sağ Qüvvələr” Partiyasından irəli sürülüb, amma partiya Dumaya daxil ola bilməyib. 2019-cu ildə həmin siyasi qüvvənin üzvü olmasa da, “Ədalətli Rusiya”dan Dolqoprudnı Şəhər Şurasının üzvü seçilib.

Seçkilərdə Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər