Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı həbs etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan deyib.
“Zelenski Ukraynanın ali baş komandanı Valeri Zalujnının həbsi və məhv edilməsi üçün zəmin hazırlayır. Çox güman ki, buna Zalujnı ilə əlaqəli üç generalı işdən çıxarmaqla başlayacaq”, - Brayan bildirib.
Onun fikrincə, Ukrayna hökumətində prezident administrasiyası ilə hərbçilər arasında parçalanma yaranıb, bu, ölkə daxilində vətəndaş qarşıdurmasına səbəb ola bilər.
Zalujnı bundan əvvəl Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra iddiaları ilə gündəmə gəlib. General “Economist” nəşri üçün yazdığı məqalədə Ukrayna ordusunun çıxılmaz vəziyyətə düşdüyünü yazıb.
Son zamanlarda Zalujnının adı Qərb mediasında tez-tez hallandırılır. Onun Ukrayna prezidentliyinə iddialı olduğunu deyənlər də var.