Yaponiya həyəcan içindədir. Baş nazir Fumio Kişida bəyan edib ki, Yaponiya İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşib. Yaponiyanın müharibədən sonrakı dövrdə ən ağır və çətin təhlükəsizlik vəziyyətində olduğunu deyən baş nazir təhlükənin 3 ünvanını göstərib: Rusiya, Çin və Şimali Koreya.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Tokionu narahat edən Rusiya və Çinin bombardmançı təyyarələrinin Yapon dənizi üzərində uçuşlarının və birgə təlimlərinin sayının artmasıdır:
“Buna görə də Fumio Kişida hərbi büdcənin artırılmasını və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün qətiyyətli tədbirlər görülməsini lazım bilib. Baş nazir deyib ki, mümkün hücumları dəf etmək üçün Yaponiya raketlər istehsal etməyə başlayacaq. O, mövcud durumdan o qədər narahat olub ki, ölkəsinin hərbi bazalarını şəxsən yoxlamaq qərarına gəlib.
ABŞ İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya hərbi gücünü artırmağı qadağan etmişdi. Ancaq Vaşinqton dünyada baş verən son hadisələr – Rusiya-Ukrayna müharibəsi və Çinin hərbi gücünü artırması fonunda Yaponiyanın müdafiə qabiliyyətinin artırılmasını dəstəkləyib. Yaponiyanın bundan başqa seçimi qalmayıb. ABŞ-ın Baş Qərargah rəisi Çarlz Braun Yaponiyaya səfər edərək, iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Müzakirə zamanı Rusiya, Çin və Şimali Koreya istiqamətlərindən gələn təhlükələr ətrafında da fikir mübadiləsi aparılıb”.
Təhlildə vurğulanır ki, Yaponiya 2022-ci ilin dekabrında milli təhlükəsizlik strategiyası qəbul edib:
“Sənəddə Yaponiyanın real təhlükə qarşısında düşmənə əks-zərbə endirmək hüququ verilib. Yaponiyanın 2024-cü il hərbi büdcəsi 52 milyard dollar civarında nəzərdə tutulub. Bu, əvvəlki hərbi büdcədən 12 faiz çoxdur. Ümumilikdə Yaponiya 4 il ərzində müdafiə xərclərinə 315 milyard dollar xərcləməyi planlaşdırır. Yaponiya parlamenti büdcə xərclərini təsdiqləyəcəyi halda ABŞ və Çindən sonra hərbi xərclərinə görə dünyada üçüncü sırada qərar tutacaq.
Yaponiya uzaqmənzilli raketlərlə yanaşı, hava-kosmik qüvvələrini formalaşdırmağa da başlayacaq. Yaponiya ABŞ-dan “Tomahawk” raketləri almağı planlaşdırır. Ölkənin Konstitusiyasının 9-cu naddəsinə görə, bu ölkəyə müharibə aparmaq qadağan edilir. Buna baxmayaraq, Rusiya və Çinin birgə hərbi təlimləri və Şimali Koreyanın raket proqramı Yaponiyaya müdafiə məqsədli hərbi gücünü artırmağı diktə edir”.