Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa Birliyi Komissiyasının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə mühüm telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, telefon danışığında AB-nin 12-14-15 dekabr tarixlərində keçirilən toplantılarının nəticələri müzakirə edilib.
Fidan xatırladıb ki, Türkiyə Gömrük Birliyinin yenilənməsi, investisiya sahəsində əməkdaşlığın artırılması və viza rejiminin sadələşdirilməsi kimi mövzularda AB-dən ən qısa vaxtda konkret addımlar atmasını gözləyir.
Hakan Fidan ötən həftə keçirilən toplantıda gözlənilənlərin əksinə olaraq, AB Komissiyası ilə birliyin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Türkiyə ilə münasibətlərlə bağlı hazırladığı birgə bəyanatın müzakirə olunmamasının və növbəti sammitə buraxılmasının düzgün olmadığını da bildirib.
Xarici işlər naziri Varhelyiyə deyib ki, AB-nin Türkiyəyə qarşı daha ədalətli və sağlam düşüncəli münasibəti olmalıdır. O qeyd edib ki, qlobal çağırışların gücləndiyi vaxtda AB strateji perspektivdən çıxış etməli və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır.