Argentinanın yeni Prezidenti Xavyer Mileyin dəbdəbəli andiçmə mərasimi keçirsə də, ölkəsinin iqtisadi vəziyyəti ağırdır. “The Wall Street Journal” ölkənin milli valyutası pesonun məzənnəsinin təxminən yarıya qədər endiriləcəyini, dollar yenidən bahalaşacağını yazır. Yeni hökumət xərcləri və dövlət büdcəsinin yükünü azaltmaq məqsədilə 18 nazirliyi 9-a qədər ixtisar etmək barədə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, çətin durumda olan Argentinada bütün infrastruktur layihələrinin icrası da dondurulacaq:
“Yeni kabinet bu mövqedədir ki, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq. Buna baxmayaraq, Argentina üçün başqa alternativ qalmayıb. Ölkənin maliyyə naziri bildirib ki, dövlət qazandığından çox xərcləyə bilməz. Beləliklə, Argentinanı ağır günlər gözləyir.
Yeni prezident xarici siyasətdə də köklü dəyişikliklər vəd edib. Keçmiş prezident BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) qoşulacaqlarını açıqlamışdı. Miley isə bunun əleyhinədir, müşavirləri də eyni mövqedədir. Yeni prezident ABŞ və İsrail kimi dövlətlərlə sıx əlaqələr qurmaq istəyir.
Yeni prezidentin Çindən də gözləntisi var. Artıq o, Çin lideri Si Cinpinə məktub yazıb. Məktubunda Cinpindən xahiş edir ki, Çin valyutasından istifadəyə imkan verilsin. Argentina Çin valyutası vasitəsilə Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyi planlaşdırır”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Çin Argentinaya borc verə bilər, ancaq şərtlərini də diktə edəcək:
“Çindən borc alan ölkələr daha sonra Pekinin siyasi istəklərinə “yox” deyə bilmirlər. Halbuki Argentinanın yeni prezidenti seçkidən əvvəl bəyan etmişdi ki, kommmunistlərlə ortaq işi olmayacaq. Miley bu vədinə baxmayaraq, Çin kommunistlərinə ağız açmaq məcburiyyətində qalıb. Pekin bunun qarşılığında Argentina prezidentini BRİKS barədə qərarını dəyişməsini istəyəcək.
Digər tərəfdən, Argentina və Çin keçmiş illərdə “Bir Kəmər, Bir Yol” layihəsiylə bağlı əməkdaşlıq planı imzalamışdı. Pekin Mileydən bu planı yerinə yetirməsini də istəyəcək”.