Gürcüstanın keçmiş baş naziri, hazırda müxalifətdə olan Georgi Qaxariyanın təsis etdiyi “Gürcüstan Naminə” Partiyası sabiq prezident Mixail Saakaşvilinin həbsxanaya qaytarılmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən partiyanın deputatı Mixail Dauşvili bildirib.
Saakaşvili dekabrın 20-də müalicə olunduğu klinikanın palatasında təsisçisi olduğu “Vahid Milli Hərəkat” Partiyasının iclasını keçirib, göstərişlər verib, hökumətə qarşı birləşmə planını açıqlayıb.
Dauşvili bundan sonra hökumət və məhkəmədən Mixail Saakaşvilinin cəzaçəkmə müəssisəsinə qaytarılmasını tələb edib.
Tiflis meri, hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze eks-prezidentin həbxanaya köçürülməsi çağırışına belə cavab verib:
“Mixail Saakaşvili pəhriz saxlayırdı, vəziyyəti əladır, yaxşı görünür, yəqin ki, müvafiq qurum qərar verəcək”.
Ədliyyə naziri Rati Breqadze noyabrın 10-da məsələ ilə bağlı açıqlamasında demişdi ki, bunun üçün həkimlərin müvafiq rəyi lazımdır.