27 Dekabr 2023 18:23
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərifin oktyabrın 7-də İsrailə hücumun (“Əqsa Tufanı” əməliyyatı) öldürülən Qasım Süleymaninin qisası olduğu iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Fələstin hərəkatı SEPAH generalının iddiasını rədd edib.

“HƏMAS İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü, general Ramazan Şərifin “Əqsa Tufanı” əməliyyatı və onun səbəbləri ilə bağlı verdiyi açıqlamaların doğruluğunu rədd edir”, - HƏMAS-dan bildirilib.

Açıqlamada bununla bağlı əsaslandırmaların və səbəblərin dəfələrlə bəyan edildiyi, bunların arasında “Məscidi-Əqsa” ilə bağlı təhdidlərin də olduğu vurğulanıb:

“Bir daha təsdiqləyirik ki, Fələstin müqavimətinin bütün addımları sionist işğalı və xalqımıza və müqəddəs yerlərimizə qarşı davam edən təcavüzə cavab olaraq həyata keçirilib”.

İran əvvəldən HƏMAS-ın İsrailə hücumunda iştirak etmədiyini bildirir. Buna baxmayaraq, SEPAH sözçüsü baş verənləri “Qasım Süleymaninin qisası” adlandırıb.

SEPAH generalı Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən İraqda məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər