İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürd Muxtariyyətinə endirdiyi zərbələr nəticəsində məşhur kürd iş adamı həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın hədəfə aldığını iddia etdiyi Kürdüstan Demokratik Partiyasının (KDP) üzvü Hemn Havrami məlumat verib.
“İnqilab Keşikçiləri tərəfindən bu gecə Ərbildə həyata keçirilən hücumda bir mülki ev hədəfə alınıb. Evin sahibi Pəşrav Dizayi və ailəsinin 4 üzvü həyatını itirib”, - Havrami deyib.
Yerli mənbələr iş adamının evinə 4 raketin düşdüyünü bildirərkən, hadisə şahidləri evin PUA-larla vurulduğunu bildirirlər.
Ərbildə yerləşən “Rudaw” agentliyi Dizayinin evinə edilən hücumda 3 nəfərin həyatını itirdiyini yazıb:
“Hücumda evi 5 raketlə vurulan kürd iş adamı Pəşrav Dizayi, 1 yaşından kiçik qızı Cina və evində qonaq olan assur əsilli xristian iş adamı Kərəm Mixail həyatını itirib. Pəşrav Dizayinin həyat yoldaşı, qızı, oğlu və evdə olan 2 filippinli işçi yaralanıb. Hücumda Dizayinin oğlu bir qolunu itirib”.
Dizayinin Kürd Muxtariyyətinə böyük sərmayələr qoyduğu bildirilir.