Fransa müdafiə naziri Sebastyan Lekorn Rusiya Müdafiə Nazirliyinin Xarkov vilayətində Ukrayna ordusunun sıralarında döyüşən çoxlu sayda fransız muzdlusunun öldürülməsi ilə bağlı bəyanatını təkzib edib.
Teleqraf.com xəbər verir ki, o, Fransanın Ukraynaya hərbçi göndərmədiyini deyib.
“Fransanın bəzilərindən fərqli olaraq nə Ukrayna, nə də başqa yerdə muzdlu hərbçiləri var”, - nazir Rusiyanın bəyanatını “spekulyasiya” adlandırıb.
Bununla yanaşı, Lekorn etiraf edib ki, Ukraynada döyüşən Fransa vətəndaşları ola bilər:
“Ukrayna hərbi geyimində döyüşmək üçün bu ölkəyə gedən fransız mülki şəxslər var. Biz onlara qadağa qoya bilmərik, biz demokratik ölkəyik. Bu insanların Fransa silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi forması geyinmir və Fransa hərbi qurumları ilə əlaqələri mövcud deyil”.
Rusiya Müdafiə Nazirliyi yanvarın 17-də Ukraynanın Xarkov vilayətində çoxlu sayda Fransa muzdlusunun öldürüldüyünü açıqlamışdı.