Almaniyanın SSRİ-də Üçüncü Reyxin cinayətlərinə görə günahını etiraf etməkdən imtina etməsini nəzərə alsaq, Berlinin İsraili soyqırımı ittihamlarından müdafiə etməsi Rusiyanı təəccübləndirmir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Almaniyanın İsraili Qəzza zolağının əhalisinə qarşı soyqırımında ittiham edərək Beynəlxalq Cinayətlər Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasına qarşı çıxmaq qərarı bizi təəccübləndirmir", - Rusiya rəsmisi bildirib.
Zaxarova Almaniyanı "insanların kütləvi şəkildə məhv edilməsi məsələsində mütəxəssis” adlandırıb.
"Almaniya nasional-sosializmin xalqlara qarşı cinayətlərini soyqırımı kimi tanımaqdan imtina etməyə davam edir", - diplomat vurğulayıb.
Zaxarova Hitler Almaniyasının bəşəri cinayətlərinə dair kifayət qədər sübutun olduğunu söyləyib:
“Rusiya istintaq orqanları və məhkəmələri Üçüncü Reyx qoşunlarının ölkəmizin müxtəlif bölgələrində törətdikləri hərbi, bəşəriyyət əleyhinə cinayətləri və soyqırımı aktlarını göstərən xeyli sayda sübutlar toplayıb”.
Bundan əlavə, Rusiya rəsmisi qeyd edib ki, ən qorxulu şey neonasist təcrübələrinin təsdiqlənməsi fonunda alman militarizminin yenidən davamlı şəkildə canlanmasıdır:
"Bu ölkənin ziddiyyətli tarixi təcrübəsini nəzərə alsaq, bu tendensiya Almaniyanın özü, eləcə də Avropa və dünyanın taleyi üçün son dərəcə dəhşətli nəticələrə səbəb ola bilər”.