9 Fevral 16:02
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM yanvarın 7-də İranın İraqda dəstəklədiyi “Kətaib Hizbullah” terror təşkilatının liderinin öldürüldüyünü açıqlayıb. Amerikanın İranın bölgədəki proksi qüvvələrinə qarşı silsilə addımları oyun qaydalarını dəyişdirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Nəşr gəlişməni ABŞ-nin 2020-ci ilin yanvarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri Qasım Süleymani və “Kətaib Hizbullah”ın lideri Əbu Mehdi əl-Mühəndisin məhv edilməsi ilə yaddan qalan əməliyyatı ilə müqayisə edib.

Təhlildə bildirilir ki, bu, Vaşinqtonun regiondakı İran qüvvələri ilə bağlı son iki illik siyasətindən sonra oyunu dəyişdirir:

“İran HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ-yə hücum etmək üçün İraq və Suriyadakı yaraqlılarını səfərbər edib. İran addımlarını koordinasiyalı şəkildə atır. Yaraqlılar 2019-cu ildən bəri ABŞ qüvvələrinə yüzlərlə dəfə hücum etmişdilər, əksəriyyəti itki ilə nəticələnməmişdi. Ancaq İordaniyadakı son hücum görünməmiş gəlişmə idi. İran ABŞ-nin cavab verməyəcəyi ehtimalı ilə qumara girdi.

İran 2021-ci ilin yanvarından bəri Bayden administrasiyasını yaxından izləyir. Vaşinqton da İranın İraqda yox, Suriyada dəstəklədiyi qruplaşmalarını hədəfə almağa üstünlük verirdi. ABŞ həmçinin yüksək profilli hədəfləri vurmaqdan çəkinirdi.

İraqda endirilən zərbələr vacibdir, bu, ABŞ-nin İran təhdidini nə qədər ciddi qəbul etdiyinə dair dəyişikliyi göstərə bilər. ABŞ həmçinin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava əməliyyatı həyata keçirir. Baş verənlər ABŞ-ni yenidən bölgəyə qaytarır”.

İsrail nəşri yazır ki, son 14 ildə ABŞ-də ümumi tendensiya regiondan geri çəkilmək olub:

“Məsələn, ABŞ 2011-ci ildə İraqdan çıxmağa çalışdı, ancaq 2014-cü ildə İŞİD-lə mübarizəyə kömək üçün geri çağırıldı. İndi də İrandan gələn təhdidlər sürətlə artır, İordaniya və Qırmızı dənizə hücumlar təhlükənin miqyasını göstərir.

İndi əsas sual “Kətaib Hizbullah”a zərbələrin trendi dəyişdirib-dəyişdirməyəcəyi ilə bağlıdır. “Kətaib Hizbullah” İran proksilərinin ən elitarıdır, SEPAH-la sıx bağlıdır. Keçmiş lideri Əbu Mehdi əl-Mühəndis 1980-ci illərdən İranın bölgədəki əsas koordinatoru idi. Fevralın 7-də baş verənlərin 2020-ci ilin yanvar kampaniyası ilə eyni təsirə malik olub-olmayacağı bəlli deyil. Bununla belə, çox güman ki, bundan sonra İranın İraqdakı müttəfiqlərini ABŞ-ni bu ölkədən çıxarmağa cəhd edəcəklər. İndi bu cəhdlərin uğurlu olub-olmayacağını görmək qalır. Son bir neçə ildə ABŞ-yə qarşı dəfələrlə belə cəhdlər olub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər