İrandan Rusiyaya 400 ballistik raketin çatdırılması ilə bağlı elan edilmiş məlumat şübhəli görünür, bu, çox böyük rəqəmdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Defense Express” hərbi-analitik portalı yazır.
Nəşr qeyd edir ki, İran əvvəllər “Hizbullah” terror təşkilatına bir neçə yüz raket verib, amma bu, bir neçə il ərzində mümkün olub. O da məlumdur ki, Rusiyaya raketlərin verilməsi ilə bağlı danışıqlar ən azı 2022-ci ilin payızından gedir. Nəhayət, çatdırılma ehtimalını dolayısı ilə təsdiqləyən digər arqument Şimali Koreyanın beynəlxalq sanksiyalar və BMT qətnamələrinə zidd olaraq Rusiyaya raket ötürməsi faktıdır.
“Pxenyan heç bir bədəl ödəmədi. Təsiredici reaksiyanın olmaması Tehran üçün də “yaşıl işıq”dır. Yəni İranın ballistik raketlərini Rusiyaya ötürmə ehtimalı yüksəkdir”, - nəşr bildirir.
Əslində, ukraynalı analitiklər raketlərin ötürülməsinin mümkünlüyünü yox, bunların elan edilmiş sayını şübhə altına alırlar. Portal qeyd edir ki, eyni anda 400 raketin çatdırılması şübhəli görünür.
“Pentaqonun məlumatına görə, İranın bütün arsenalında 3000 ballistik raket var. Bu durumda ən çox ehtimal olunan ssenari budur ki, 400 raket Rusiyadan sifariş edilən və ya alınması arzulanan ümumi sayıdır. Amma bu ssenari də istisna edilmir ki, İran 2022-ci ildən Rusiya üçün yeni raket istehsalına başlayıb”, - nəşr yazır.
İran artıq iki ilə yaxındır Rusiyanı hücum PUA-ları ilə təchiz edir. Ukrayna buna görə Tehrana sərt təpki verib.