5 Mart 09:55
1 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı alman hərbçiləri arasında aparılan məxfi danışıqların mediaya sızdırılması Almaniyada siyasi gərginlik və hökumətin rabitə sisteminin təhlükəsizliyi ilə bağlı ciddi narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu, həm də Almaniyanın sözügedən raketləri Ukraynaya verməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Hökumətin sözçüsü Volfqanq Buxner Moskvanın Berlinin Rusiyaya hücum hazırlaması barədə bəyanatlarını “biabırçı təbliğat” adlandırıb.

Britaniyanın Rusiyadakı keçmiş hərbi attaşesi Con Forman Kansler Olaf Şolzun “Taurus”ları Kiyevə göndərmək istəməməsini qətiyyətsizlik kimi şərh edib.

“Siyasi ehtiyatlılıq, qətiyyətsizlik və alman arxayınlığının vəhdəti bizi olduğumuz yerə gətirdi”, - Forman deyib.

Britaniya baş nazirinin sözçüsü də bildirib ki, London Ukraynaya uzaqmənzilli raketlər verən ilk ölkə olub və müttəfiqlərini də eyni addımı atmağa çağırır.

Rusiya xarici işlər naziri Sergey Lavrova görə, məxfi səsyazısı Almaniyanın Qərb qoşunlarının Ukraynaya göndərilməsini dəstəklədiyini göstərir. Həmçinin o, Almaniyanı Rusiyaya hücuma hazırlaşmaqda ittiham edib.

Ötən həftə Rusiya mediası Almaniya generalları arasında “Taurus”ların Ukraynaya ötürülməsi, eləcə də bu raketlərdən Krım körpüsünü vurmaq üçün istifadə imkanlarını müzakirə olunan söhbətin səsyazısını yayımlayıb. Almaniya müdafiə naziri Boris Pistorius bunu “Rusiyanın hibrid hücumu” adlandırıb və olayla bağlı araşdırma aparılmasına göstəriş verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, almanlar tam şəkildə denazifikasiya olunmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu