Ukrayna PUA-larının Tatarıstan Muxtar Respublikasındakı neft emalı zavoduna hücumu Rusiyanın dərin arxa cəbhəsindəki hədəflərə zərbə endirilməsi strategiyasında dönüş nöqtəsindən xəbər verir.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Aprelin 2-də Yelabuqa şəhərindəki “Taneko” neft emalı zavoduna dron hücumu olub. Amerikalı analitiklər diqqəti müəssisənin Ukraynadan 1200 km-dən artıq məsafədə yerləşməsinə yönəldiblər.
“Reuters” agentliyi bildirir ki, Ukraynanın neft obyektlərinə endirdiyi zərbələr Rusiyanın bütün neft emalı zavodlarının təxminən 14 faizinin bağlanması ilə nəticələnib.
“Aprelin 2-də Ukrayna Tatarıstana ilk zərbələri endirib. Hədəfin sərhəddən xeyli uzaqda yerləşməsi Ukraynanın Rusiyanın arxa cəbhəsinin ən dərinliklərinə zərbə endirmək qabiliyyətini göstərir. Ukraynanın belə zərbələri Rusiya ordusunu təchiz edən və dəstəkləyən sənaye sahələrini sıradan çıxarmaq baxımından zəruridir”, - amerikalı analitiklər qeyd edirlər.
Tatarıstana hücumu Rusiya mənbələri də təsdiqləyib.
Aprelin 2-də Tatarıstanda iki obyektə hücum edilib. Hədəflərdən biri Nijnekamskda neft emalı zavodu olub. İkinci zərbə Yelabuqada İranın “Şahid” tipli (ruslar “Geran-2” adlandırırlar) PUA-larının yığıldığı zavoda endirilib. Bunlar müharibə başlayandan bəri Rusiya ərazisinə ən dərin zərbələrdir. PUA Tatarıstandakı Taneko neft emalı zavodunu vurmaq üçün cəbhə xəttindən ən azı 1300 km uçub.