ABŞ-nin “SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi Cənubi Koreyanın öz istehsalı olan hərbi kəşfiyyat peykini orbitə çıxarıb.
Teleqraf.com xəbər verir ki, peyki orbitə aparan raketin buraxılışı Florida ştatındakı Kennedi məntəqəsindən ABŞ şərq zonası vaxtı ilə aprelin 7-də axşam saat 19:17-də (Bakı vaxtı ilə aprelin 8-də saat 03:17) baş tutub. Cənubi Koreyanın Müdafiə Nazirliyi peykin planlaşdırılan orbitə çatdığını açıqlayıb. Peyk hər cür hava şəraitində müşahidə aparmaq üçün ən son texnologiyalarla, radar və sensorlarla təchiz olunub.
Qeyd edək ki, bu, Cənubi Koreyanın 2025-ci ilədək orbitə çıxarmağı planlaşdırdığı 5 hərbi kəşfiyyat peykindən ikincisidir. Məqsəd Şimali Koreyanın hərbi fəaliyyətini nəzarətdə saxlamaqdır. Ötən ilin dekabrında orbitə çıxarılmış ilk peyk artıq yer səthinin, o cümlədən Şimali Koreyanın paytaxtı Pxenyanın şəkillərini çəkməyə müvəffəq olub. Seul 5 hərbi kəşfiyyat peykindən başqa 2030-cu ilədək 50-60 kiçik və ya mikro kəşfiyyat peykini tədarük edərək, bütün Koreya yarımadasının səthindən 30 dəqiqəlik vaxt intervalında görüntülər əldə etməyi hədəfləyib.