Qərb ölkələri ilə fikir ayrılıqları olan məsələlər var, amma bunlar dialoq yolu ilə həll edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, hakim partiya Gürcüstan vətəndaşlarına Avropaya vizasız səyahət imkanı yaradıb.
“Bunu sizə “Gürcü Arzusu”, bizim hökumət gətirib. Əlbəttə, tərəfdaşlarımızla bir sıra fikir ayrılıqlarımız ola bilər, amma razılaşdığımız məsələlər də var. Amerika və Avropa ilə strateji tərəfdaşlığımız mövcuddur. Ancaq bəzi məsələlər ola bilər ki, razılaşa bilmirik və bunun üçün dialoq, müzakirə və söhbət lazımdır. Bu durumu düzəldəcəyik”, - Qaribaşvili vurğulayıb.
Partiya lideri Gürcüstanın liman layihəsi ilə bağlı elan etdiyi tenderdə Çin şirkətinin qalib gəlməsinə Qərbin etirazına da toxunub:
“Şəxsən strateji tərəfdaşlarla Anakliya layihəsi ilə bağlı söhbət etmişəm. Üç il əvvəl Qərb şirkətlərinə müraciət etdim ki, fəallıqlarını artırsınlar, limanın tikintisi ilə maraqlansınlar. Amma sonda böyük bir Çin şirkəti qalib gəldi.
Qaribaşviliyə görə, Çinin Anakliya layihəsi kimi strateji limana marağının qeydə alınmasına hər kəs sevinməlidir: “Təəssüf ki, Qərb tərəfdaşlarına çoxsaylı müraciətlərimizə baxmayaraq, heç bir şirkəti bu layihəyə qoşulmadı. Reallığı qəbul etməliyik”.