Ukrayna tezliklə Avropa İttifaqı ilə təhlükəsizlik sazişi imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, Ukrayna və Avropa İttifaqının danışıqlar qrupları yaxın vaxtlarda imzalanacaq təhlükəsizlik sazişinin mətnini razılaşdırıblar. Ukrayna Prezidentinin və Prezident Aparatının rəhbərinin tapşırığına əsasən, Prezident Aparatının rəhbərinin müavini İqor Jovkva Avropa İttifaqının baş katibinin sülh, təhlükəsizlik, müdafiə və xarici fəaliyyət xidməti üzrə müavini Çarlz Frislə Aİ ilə təhlükəsizlik sazişi üzrə danışıqların yekun mərhələsini keçirib.
"Ukrayna və Aİ danışıq qrupları təhlükəsizlik sazişinin mətnini yekunlaşdırıb və yaxın gələcəkdə onu imzalamaq barədə razılığa gəliblər", - Prezident Ofisi bildirib.
Təhlükəsizlik sazişi Aİ-nin G7 ölkələri ilə birlikdə 2023-cü il iyulun 12-də Vilnüsdə təsdiq etdiyi Ukraynaya Dəstək haqqında Birgə Bəyannaməyə uyğun olaraq bağlanacaq.