26 İyun 12:51
3 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan adası ətrafında vəziyyət sabitləşmir. Pekin adanı ram etmək siyasətində qətidir. Ancaq Pekin müharibənin Çinə baha başa gələcəyini hesablayaraq Rusiyanın səhvini təkrarlamaq istəmir. Kreml Ukraynaya qarşı müharibəyə başlayarkən, bunun Rusiyaya siyasi-iqtisadi zəmində hansı problemlər yaradacağını düzgün hesablamadı, Moskva Qərbin mövcud vəziyyətlə barışacağını düşündü. Kreml müharibənin cəmi bir neçə həftə çəkəcəyini zənn edirdi, amma uzandı və Rusiyaya qarşı sərt sanksiyalar qəbul olundu.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiyadan fərqli olaraq, Çin Tayvan adasının ram edilməsinə görə sanksiyalardan yayınmaq istəyir:

“ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Pekin Tayvanın ram edilməsinin müharibədənkənar variantına üstünlük verə bilər. Bu, “karantin” adıyla hərbi gəmilər vasitəsilə adanın mühasirəyə alınmasıdır. ABŞ bu üsuldan 1962-ci ildə Kubaya qarşı istifadə etmişdi. Vaşinqton keçmiş SSRİ-nin Kubaya nüvə başlıqlarının yerləşdirilməsini qarşısını almaq üçün ada ətrafında karantin elan etmiş və yaxınlaşan bütün gəmiləri yoxlamağa başlamışdı. Nəticədə Moskva geri çəkildi və Kubada daha əvvəl yerləşdirdiyi nüvə başlıqlarını çıxardı.

İndi bu üsuldan Çin istifadə edə bilər. Tayvana yaxınlaşan və adanın limanlarından çıxan bütün gəmilər yoxlanıla, bəziləri isə saxlanıla bilər. Belə bir karantin nəticəsində Tayvana hərbi texnika göndərmək çətinləşəcək. Digər tərəfdən, ticarət gəmilərinin yoxlanılması və limanlara yaxınlaşmalarının gecikdirilməsi Tayvan iqtisadiyyatına mənfi təsir edəcək.

Tayvan ətrafında üzən Çin hərbi gəmilərinin sayı artıb, PUA-lar ada üzərində müşahidə aparırlar. Vaşinqton buna cavab olaraq, Tayvana 360 milyon dollar dəyərində PUA satmaq qərarı verib. Tayvanın özü də modernləşdirilmiş hərbi texnikanın istehsalını artırıb. Tayvanda süni intellektlə təchiz edilmiş 1000-ə yaxın hərbi PUA istehsal ediləcək”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Pekin Tayvanı ram etmək üçün başqa vasitələrə də əl atıb:

“Pekin Tayvanda müstəqillik tərəfdarı olan radikalları ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Pekinin qəbul etdiyi sənəddə Tayvanda müstəqillik fəaliyyətinə liderlik edənlər Çin dövləti və xalqına ziyan vurmaqda ittiham edilir. Buna görə Çində ölüm cəzası tətbiq olunur. Bu o deməkdir ki, Tayvanın müstəqillik tərəfdarları Çin ərazisində yaxalansalar, ən ağır cəzaya məhkum olunacaqlar. Bu sırada Tayvanın hazırkı prezidentinin də adı çəkilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər