Böyük genişlənmə dalğası reallaşdıqda, Gürcüstan mütləq onun bir hissəsinə çevriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Gürcüstanın birliyə üzvlük prosesinin dayandırılması qərarını şərh edən hakim “Gürcü Arzusu” partiyasının deputatı Beka Davituliyani deyib.
“Gürcüstan böyük genişlənmə dalğasının bir hissəsi olacaq. Təəssüf ki, hazırda heç bir böyük genişlənmə dalğası planlaşdırılmır. O dalğa reallaşanda Gürcüstan mütləq onun bir parçası olacaq, dünya siyasətində çox şeylər baş verir və bütün bunlardan sonra uyğunlaşma aydınlaşacaq. Ümid edirəm ki, zamanla bunu başa düşəcəklər və müvəqqəti ehtiraslardan, emosiyalardan qaçıb praqmatik düşünəcəklər. Dəhşətli heç nə yoxdur, müvəqqəti olaraq dayanacağıq və gələn ildən davam edəcəyik”, - deputat bildirib.
Gürcüstanın AB tərəfindən hərbi maliyyələşdirməsinin dayandırılmasına gəlincə, Davituliyani söyləyib ki, bu qərar təkcə ölkəsinə yox, həm də Qərbin maraqlarına ziyan vurur:
“Son bir neçə ildə Gürcüstan eyni vaxtda öz maraqlarını qorumağa və AB-yə doğru irəliləməyə çalışır. Təəssüf ki, bəziləri bunun qarşısını almağa cəhd edir və Gürcüstanın öz maraqlarını qorumasını geri itələyir, Qərb institutları ilə münasibətlərin dərinləşməsinə mane olur. Bizim öz yolumuz var. İndi müdafiə büdcəsini kəsib, qəbul edilmiş qanunu bəhanə edərək həmin vəsaiti mülki sektora yönəltmək istəyirlər. Amma bu, qərarımızı dəyişməyəcək.
Kimsə bunun yalnız Gürcüstan hökumətinə ziyan vurduğunu düşünürsə, yanılır. Bu, təkcə Gürcüstan hökumətinə yox, həm də Qərbin maraqlarına ziyan vurur. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Əminəm ki, gec-tez bunu anlayacaqlar”.