"Rusiya və Türkiyə mühakimələrə əsaslanan siyasət hazırlamır. Onlar münaqişəli vəziyyətlərlə bağlı danışıqlar zamanı məntiqlilik prinsipinə riayət edirlər".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, əlavə edib ki, bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirmək istəyir:
"Təbii ki, biz cənab Putinlə hər şeydə razı deyilik. Lakin biz məsələləri bir-birimizlə müzakirə etmək və onların həlli yollarını konkret şəkildə araşdırmaq qabiliyyətindəyik".
Türkiyənin dövlət başçısı bəzi Qərb ölkələrinin Rusiyaya münasibətilə Kiyevin vəziyyətini daha da pisləşdirdiyini deyib.
"Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Mən yaranmış vəziyyəti "oda benzin tökməklə" pisləşdirən Qərb müttəfiqlərini başa düşmürəm. Bu, Ukraynaya xeyirdən çox ziyan gətirdi", - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan həmçinin ŞƏT-i NATO-ya alternativ hesab etmədiklərini bildirib: "NATO üzvü olaraq ŞƏT, BRICS, Aİ və ya Türk Dövlətləri Təşkilatı ölkələri ilə qarşılıqlı əlaqəni problem hesab etmirik".