Ukrayna ilə müharibə başlayandan sonra Kremlin nüvə ritorikasının əsas ruporuna çevrilən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev qəfil tonunu dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Müharibənin əvvəllərində sərt nüvə təhdidləri ilə gündəmdə olan Medvedev Ukrayna ordusu Kursk vilayətinə hücum etdikdən sonra Kiyev və Qərb paytaxtlarını nüvə silahları ilə təhdid etməyib.
Əvvəllər ən azı ayda bir dəfə nüvə təhdidlərinin paylaşıldığı Medvedevin Teleqram kanalında son bir həftə ərzində yalnız bir qeyd dərc olunub.
Avqustun 8-də Təhlükəsizlik Şurası sədrinin müavini Ukrayna silahlı qüvvələrinin əməliyyatının məqsədini “yeni pul və silahlar əldə etmək cəhdi” adlandırıb və həmçinin “faşistləri cəzalandırmaq üçün Odessa, Xarkov və Nikolayevə girməyə” çağırıb.
Avqustun 9-da Medvedev Almaniyanı Rusiya tanklarının Respublika meydanına (Berlin Reyxstaqının qarşısı) daxil olacağı ilə hədələyib. Çünki Bundestaq Kursk əməliyyatı zamanı Ukrayna ordusunun alman hərbi texnikasından istifadə etdiyini təsdiqləyib.
Avqustun 13-də “Vahid Rusiya” Partiyası Medvedyevlə bağlı video yayımlayıb, o, burada Ukrayna rəhbərliyinə “layiqli cəza” vəd edir və Kursk vilayətinə humanitar yardımın toplanmasına, regional rəhbərliyi dəymiş ziyanı hesablamağa çağırır.
Medvedev sonuncu dəfə iyulun ortalarında nüvə silahı ilə hədələyib. O, Rusiya KİV-ləri ilə söhbətində söyləyib ki, Rusiya nüvə doktrinası qədim Babil qanunlarında təsbit olunmuş “gözə göz, dişə diş” prinsipinə əsaslanır.