Ən yaxşı hərbi hissələrini Kurska aparan Ukraynadan fərqli olaraq, Rusiya indiyədək Donbasdakı qüvvələrini zəiflətmək istəyini nümayiş etdirməyib.
Teleqraf.com xəbər verir ki, “Der Spiegel” Kursk vilayətinə hücumu “Ukrayna üçün riskli mərc” adlandırır.
“Yazdan bəri rus qoşunları Pokrovsk şəhəri istiqamətində böyük ərazi götürüblər. Dünən Pokrovsk meri düşmənin şəhərdən cəmi 10 kilometr aralıda olduğunu bildirərək təxliyəyə çağırıb”, - alman nəşri yazır.
Regional rəhbərliyin rəsmisi İqor Bıstri deyir ki, hazırda Rusiya qüvvələri Toretskə doğru irəliləyirlər, Nyu-York qəsəbəsinin 80 faizi artıq onların əlindədir.
Rusiyanın ilk kəşfiyyat bölmələri artıq Toretskdə görünüb.
“Ümid edirik ki, Kursk əməliyyatı rusların diqqətini yayındıracaq. Əks halda fəlakət davam edəcək”, - Ukrayna rəsmisi söyləyir.
Nəşr qeyd edir ki, Kiyevi Kurska hücumla riskli mərcə sövq edən təkəbbür yox, çarəsizliyin cəsarəti olub.
“Biz gözləyib Rusiya qaydaları ilə mübarizə apara bilmərik. Yalnız ümid edirəm ki, bizim də düşmənin gözlənilən reaksiyasından asılı olan və bütün riskləri nəzərə alan gələcək fəaliyyət planımız var”, - ukraynalı hərbi ekspert Mikola Beleskov deyir.
Beleskova görə, əgər belə bir plan yoxdursa, Kurskla bağlı atılan addımlar yaxşı nəticə verməyə bilər.
Keçmiş müdafiə naziri Zaqorodnyuk hesab edir ki, Rusiya lideri Vladimir Putin hələ bunu etməsə də, Donbasdan qoşunları çıxaracaq: “Payız başa çatana qədər nəsə etmək lazımdır, çünki hava döyüşü çətinləşdirdi. Ən kiçik gecikmə də, ərazilərin azad edilməsi məsələsini çətinə salır, bu, biz ukraynalıların öyrənməli olduğu ağrılı dərsdir”.
“Der Spiegel”ə görə, Rusiya ərazisinə irəliləyiş Ukrayna ordusu və cəmiyyətində əhval-ruhiyyətini yüksəldib: “Amma bəziləri də etiraf edir ki, başqasının torpağında döyüşmək xoşagəlməz hissdir”.