Məşhur amerikalı idmançı Ceff Monson İslam dinini qəbul etdikdən sonra ilk cümə namazını Türkiyədə bir məsciddə qılıb.
Teleqraf.com xəbər verir ki, idmançı bu dini seçməsi ilə bağlı maraqlı açıqlamalar verib.
Monson ilk cümə namazını Türkiyədə qılmaqdan məmnun olduğunu deyib: “Bu, mənim üçün mənəvi təcrübədir. Bu, çoxdan gözlədiyim bir şey idi. Mənim üçün ən önəmlisi özümü Allaha daha yaxın hiss etməyimdir. Mənimlə birlikdə dua edən bacı və qardaşlarıma da özümü çox yaxın hiss edirdim. Məni müsəlman edən şeylərdən biri də qardaşlıqdır”.
Monson Fələstinin İsrailə müqavimətindən təsirlənərək bu dini seçdiyini açıqlayıb:
“Etdiyim üçün məmnun olduğum bir seçimdir. Bu, hazırda özümü yaxşı, həqiqətən də yaxın hiss etdiyim bir seçimdir. Qəzzadan (Türkiyəyə) gələnlərə sevgi göstərdilər, mərhəmət etdilər, Allaha şükür etdilər, bir-birlərini qucaqladılar. Bunları görüb dedim ki, mən də bunu - onların qəlblərində olanlardan istəyirəm. Düşündüyüm ilk şey bu idi, uzun illərdir bir dində Allahı tapmağa çalışırdım.
Xristian olaraq böyümüşəm və bunların bəziləri mənə anlamlı gəlmirdi. Xristianların, xüsusən də ABŞ-dəki xristian liderlərin davranışlarını görmüşəm. Düşündüm ki, məncə, Allahın nəzərdə tutduğu bu deyil. Gördüklərimin belə olmasını istəyirəm. Sonra Allah və mənə dəstək olan müsəlman bacı-qardaşlarımdan o qədər xeyir-dua aldım ki, bu gün də namazdan sonra və namaz əsnasında seçimimdən daha xoşbəxt ola bilməzdim”.