ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki prosesində demokrat rəqibi Kamala Harrisə hücum edəcəyi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı Barak Obama ilə birlikdə bu sahədə təcrübəyə malik olduqlarını deyib.
“İllərdir Donald Tramp insanların bizdən qorxmaları üçün əlindən gələni edir. Qaradərili iki zəhmətkeş, yüksək təhsilli və uğurlu insanın varlığı ilə bağlı özünü narahat hiss etməsinə onun dünyaya məhdud və dar baxışı səbəbdir”, - xanım Obama bildirib.
Sabiq prezidentin həyat yoldaşı Trampın qaradərili insanlara qarşı dözümsüz olduğunu vurğulayıb.
Mişel Obama Trampın insan həyatını yaxşılaşdıran real ideyalar və həllər əvəzinə çirkin, seksist (qadın düşmənçiliyi) və irqçi yalanlara üz tutduğunu vurğulayıb.
Kamala Harrisə gəlincə, eks-prezidentin xanımı onun haqda yüksək fikirlər səsləndirib.
Harrisin artıq prezidentliyə hazır olduğunu deyən Obamanın sözlərinə görə, bu posta o, ən bacarıqlı mümkün namizədlərdən biridir.
Mişel Obama Kamala Harrisə cəmiyyətdən dəstək istəyib.