Rusiya ordusu Kursk vilayətində bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə qarşı əks-hücum əməliyyatları aparır. Amma uzunmüddətli əməliyyat üçün ruslar Ukraynadan daha çox qüvvə çıxarmalı olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Təhlildə deyilir ki, əks-hücum davam etsə də, Rusiyanın Ukrayna qüvvələrinin Kurskdan tamamilə çıxarılmasına yönəlmiş genişmiqyaslı əməliyyata başladığını göstərən əlamətlər yoxdur.
Dünən Prezident Vladimir Zelenski Rusiyanın əks-hücumunun başlandığını təsdiqləyib, Pentaqon isə rusların bu addımlarını “əhəmiyyətsiz” adlandırıb.
Hazırda Kurskda 33-35 min Rusiya hərbçisinin olduğu bildirilir. Zelenski rusların vilayətdə 60-70 min hərbçi toplamaq istədiyini söyləyib. Bu, amerikalıların fikrincə, Rusiyanın ukraynalıları öz ərazisindən çıxarmaq üçün lazım olan 50 minlik qüvvədən xeyli çoxdur.
Analitiklərə görə, Kreml indiyədək zəif təlim keçmiş və zəif təchiz olunmuş çağırışçılara, habelə nizami və qeyri-nizami qoşunların kiçik bölmələrinə arxalanır. Məqalədə vurğulanır ki, əsas diqqətini Donetskə yönəldən Rusiya rəhbərliyinin hələlik Kurskun müdafiəsinə təcrübəli döyüşçülər göndərəcəyi gözlənilən deyil.