Hakim “Gürcü Arzusu” Partiyası seçkiqabağı kampaniyada Ukrayna mövzusundan istifadə etməkdən əl çəkməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş nazir İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Tiflis Ukraynadakı müharibə ilə Gürcüstandakı sülhü müqayisə etməyi fundamental hesab edir. Söhbət “Gürcü Arzusu”nun seçkiqabağı afişalarında Rusiya ordusu tərəfindən dağıdılmış Ukrayna şəhərlərinin əks olunduğu görüntülərdən gedir.
“Bu gün biz ictimaiyyətə müharibənin nəticələrini və 2022-2023-cü illərdə nələrdən çəkindiyimizi və nələrdən qaçınmalı olduğumuzu xatırladırıq. Parlament seçkilərində ən vacib məsələ budur”, - Kobaxidze bildirib.
Baş nazir rəsmi Kiyevin Tiflisə qarşı Ukrayna xalqının faciəsi və Rusiyanın başlatdığı müharibənin dəhşətli nəticələrindən siyasi məqsədləri üçün istifadə etməmək tələbini şərh etməkdən imtina edib. Kobaxidze cavabında ancaq Ukraynada baş verənlərin qəbuledilməz olduğunu söyləyib.
Gürcüstanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaması Ukrayna tərəfindən sərt təpki ilə qarşılanıb. Tiflisin bu mövqeyi Kiyevlə gərginliyə səbəb olub. Məsələ ətrafında genişlənən polemika və Ukraynanın bu yöndəki bəyanatlarına cavab olaraq Gürcüstan bəyan edib ki, Kiyevin məqsədi ölkəni Rusiyaya qarşı üçüncü cəbhəyə çevirməkdir. Səfirlər də qarşılıqlı olaraq geri çağırılıb.