8 Oktyabr 14:26
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Yaponiyanın yeni baş naziri vəzifəsinə “mötədil” Siqeru İşibanın seçilməsini alqışlasa da, bu nikbinlik uzun çəkməyib. İşiba işə başlayandan bir neçə saat sonra Yaponiya döyüş gəmisi “Sazanami” ilk dəfə Tayvan boğazından keçib. Bu, Tokionun hərbi doktrinasının əhəmiyyətli dəyişikliyinə işarədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Yaponiya Çinin dənizlərdə iddialarına qarşı çıxmaq üçün özünün hərbi donanmasını gücləndirməyə qərar verib:

“Tokio bundan sonra Çinin hərbi fəallığına qarşı oxşar tədbirlərlə cavab verəcəyini açıqlayıb. Bu, Çin-Yaponiya münasibətlərinin daha da pisləşməsi deməkdir. Yaponiya bölgədə Çinin inadkarlığına qarşı strategiyasını inkişaf etdirməyə davam edəcək.

İşiba dialoqa üstünlük verdiyinə görə Çində mötədil baş nazir kimi qəbul edilmişdi. Buna baxmayaraq, Çinin artan hərbi gücü və bölgədə “əzələ nümayişi” İşibanı Yaponiyanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş hərbi siyasətdə dəyişikliklər edən sələfi Fumio Kişidanın yolunu davam etdirəcəyini göstərir. Yaponiya milli müdafiə siyasətini nəzərdən keçirir, Tokio Çinin artan hərbi təsirinə meydan oxumağa hazırlaşır”.

Məqalədə bildirilir ki, Pekin Yaponiyanın son addımlarına kəskin reaksiya verib:

“Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian yapon hərbi gəmisinin Tayvan boğazından keçməsi ilə Tokionun qırmızı xətti keçdiyini bəyan edib. Halbuki Çinin hərbi təyyarələrini daşıyan gəmisi və iki esminesi Yaponiyanın dəniz zonalarından keçmişdi. Çin dəniz donanmasının gəmiləri, təyyarələri bir neçə dəfə Yaponiya suları və hava sahəsinə yaxınlaşıb. Tokio bunu Yaponiyanın suverenliyi və təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Yaponiyanın yeni baş nazirinin avqust ayında Tayvana səfəri də Pekin tərəfindən narazılıqla qarşılanmışdı. İşibanın Yaponiyanın keçmiş müdafiə naziri olaraq ordu və hərbi donanmanın gücləndirilməsinin tərəfdarıdır. Tokionun strateji müttəfiqi ABŞ Yaponiyanın hərbi gücünü artırılmasının əleyhinə deyil. İşibanın başqa bir istəyi “Asiya NATO-su”nu yaratmaqdır. Bu məsələdə isə Vaşinqton ehtiyatlı siyasətin tərəfdarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər