11 Oktyabr 10:28
3 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kursk vilayətinə basqının həyəcanı səngidikdən sonra Rusiya cəbhədə yenidən fəallığını artırıb. Ukrayna hərbi güc baxımından əhəmiyyətli üstünlüyə malik olan Donbasda Rusiya ordusunun yavaş irəliləyişinin yaratdığı təzyiq altında geri çəkilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” Ukrayna mənbələrinə istinadla yazır.

Ukrayna qüvvələri artıq Uqledardan geri çəkilib və Toretsk istiqamətində döyüşlər davam edir, amma bu günədək orada ciddi irəliləyiş qeydə alınmayıb. Rusiya hələ də Çasiv Yar və Pokrovsk kimi mühüm şəhərləri tuta bilməyib. Sonuncu Ukrayna üçün əsas logistika mərkəzi olaraq qalır, Rusiya qoşunları bu şəhər uğrunda mübarizədə ilişib qalıb. Avqustda Pokrovskun tezliklə ələ keçiriləcəyi müzakirə edilsə də, Rusiyanın hücumu zəifləyib, son üç həftə ərzində bu yöndə ciddi irəliləyiş qeydə alınmayıb.

Almaniyanın keçmiş hərbi rəsmisi Niko Lancın sözlərinə görə, artilleriyanın şəhərə yaxın olmasına baxmayaraq, Rusiyanın Pokrovsk üzərində genişmiqyaslı hücuma keçməyə gücü çatmır. Pokrovsku almaq Rusiyaya Ukraynanın mərkəzində hücumunu davam etdirməyə və Donbasın cənubunda logistikanı pozmağa imkan verəcək. Amma yerdəki durum hələlik rusların bu məqsədlərindən uzaq olduğunu göstərir. Əməliyyatlar bir neçə ay davam edə bilər.

Ukrayna müdafiə xətlərinin mümkün dağılması ilə bağlı qorxulara baxmayaraq, Kiyev Rusiyaya maksimum itki verməklə bərabər, tədricən əraziləri təslim etmək strategiyasını davam etdirir. Rusiyanın canlı qüvvə itkisi günə təxminən 1000 nəfər təşkil edir. Silah-sursat və texnika itkisi isə daha çoxdur. Məsələn, Rusiya təkcə kiçik Pokrovsk uğrunda gedən döyüşlərdə ən azı beş zirehli diviziyasını itirib, bu, onun Donetskdəki mövqelərini xeyli zəiflədib.

“Ukraynanın perspektivləri ilə bağlı hazırkı bədbinliyə baxmayaraq, Rusiya ilin sonuna qədər Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarət kimi əsas məqsədinə çatmaqdan çox uzaqdır”, - nəşr yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər