Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Yunanıstana mayda ödəməli olacağı növbəti borc tranşı üçün əlavə vaxt verməkdən imtina edib.
Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun bahar görüşündə iştirak edən Laqard Yunanıstanın maliyyə naziri Yanis Varufakisə Afinaya növbəti borc tranşı üçün əlavə vaxt verməyən fondun siyasətini izah etdiyini deyib.
BVF-nin başçısı Afinaya geniş siyasi sövdələşməyə ümid bəsləməkdənsə, iqtisadiyyatda islahatların keçirilməsi üçün təcili texniki işlər aparmağı tövsiyə edib. “Beynəlxalq Valyuta Fondunun direktorlar şurası 30 ildir ki, ödənişlərin təxirə salınması barədə qərar qəbul etməyib. Biz Varufakis cənablarına BVF-nin ödənişlərin təxirə salınmasına dair siyasətini və tarixi nümunələri izah etməyə imkan tapdıq”, - deyə Laqard bildirib.
Qeyd edək ki, Yunanıstan mayın 12-də BVF-yə borclarını ödəmək üçün 747 milyon avro (800 milyon dollar) həcmində ödəniş həyata keçirməlidir. Dövlət büdcəsində vəsaiti tükənən Afina avrozona ölkələrinin növbəti maliyyə dəstəyi olmadan həm borcları, həm də maaş və pensiyaları eyni vaxtda ödəyə bilməyəcək.
Bir neçə gün bundan əvvəl qəzet beynəlxalq donorların yardım göstərməyəcəyi təqdirdə Afinanın defolt elan etməyə hazırlaşdığını yazsa da, sonradan Yunanıstan hökuməti bu məlumatı təkzib edib.