Fransa Milli Assambleyası terrorizmlə mübarizə çərçivəsində xüsusi xidmət orqanları və polisin səlahiyyətlərini artıran qanun layihəsini qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Milli Assambleyanın 438 üzvü qanun layihəsinin lehinə, 86 üzvü isə əleyhinə səs verib. Sözügedən qanun layihəsinin qəbul edilməsinin əsas səbəblərindən biri 2015-ci il yanvarın 7-də “Şarli Hebdo” satirik jurnalına edilən silahlı hücum olub.
Qanun layihəsinin senatda təsdiq olunacağı təqdirdə, internet xidmət provayderləri və rabitə operatorları terror təhlükəsini müəyyən etmək üçün xüsusi proqramlar hazırlayacaqlar. Layihə xüsusi xidmət orqanlarına izləmə cihazlarını şəxsi mənzil və avtomobillərdə də quraşdırmağa imkan verir. Bir sıra hüquq-müdafiə təşkilatları, müxalif partiyalar və internet xidmət provayderləri bu qanuna qarşı çıxıblar. Məhkəmə icazəsi olmadan telefon danışıqlarının dinlənilməsi və elektron poçt ünvanlarının izlənilməsini nəzərdə tutan qanun layihəsi Fransada kütləvi etirazlara səbəb olub. Paytaxt Parisdə aksiyaya yüzlərlə etirazçı qoşulub.
Onlar sözügedən layihəni şəxsi həyata müdaxilə adlandırıblar. Aksiyalarda 100 nəfərin saxlanıldığı açıqlanıb. Nümayiş zamanı şəhərə dəyən zərər milyon avro dəyərində göstərilir.
Samir