22 May 2015 22:16
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü İraq hökümət qüvvələri Bağdaddan təxminən 100 km məsafədə yerləşə Ramadi şəhərini tərk edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İraqın ən iri vilayətinin mərkəzi İslam Dövləti (İŞİD) qurumunun nəzarətinə keçib.

Polis qüvvələri və İraq ordusu günlərlə davam etmiş şiddətli döyüşlərdən sonra nizamsız qaydada geri çəkilib.

İŞİD İraq ordusunun döyüş meydanında atdığı tank və raket qurğularını ələ keçirdiyini bildirib.

Oxşar vəziyyət 2014-cü ilin iyununda Mosul şəhəri uğrunda, 2014-cü ilin yanvar ayında Falluca və həmin ilin iyun ayında Tikrit şəhəri uğrunda döyüşlərdən sonra da yaranmışdı.

İraq hökümət qüvvələri İŞİD qarşısında niyə tab gətirə bilmir və ümumiyyətlə bu qurumun qabağında kim duruş gətirə bilər, bəlkə şiə silahlı dəstələri?

Korrupsiya

Kağızda, 2014-cü ilin rəqəmlərinə əsasən, İraq hərbiyyəsi güclü görünür - ordunun şəxsi heyəti 193,000 nəfər, polis və hərbiləşmiş dəstələrdə isə qulluqçuların ümumi sayı 500,000 nəfərə çatır.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin təxminlərinə görə, İŞİD sıralarında 31,000 döyüşçü ola bilər.

Yəni, hökümət qoşunları İŞİD qüvvələrini sayca xeyli üstələyir, lakin iş ondadır kı statistik rəqəmlər döyüş meydanında real vəziyyəti əks etdirməyə bilər.

2014-cü ilin noyabrında aparılmış yoxlama İraq ordusunun maaş siyahısında 50,000 saxta ad aşkar etmişdi.

"Kabus əsgərlər" adı verilmiş həmin qulluqçular ya mövcud deyillər və ya artıq hərbi xidmətdə deyillər, lakin onların adına maaş ödənişi davam edir.

Yenidən təşkil uğursuzluğu

Səddam Hüseynin iflasından sonra İraq ordusu tamamilə dağılmışdı.

Onun yerini yeni, təriqətçilik bölgüsündən üzaq silahlı qüvvələrin tutacağına böyük ümidlər var idi, lakin işdə səhvlərə yol verildi.

Yeni ordunu Qərb standartlarına uyğunlaşdırmaq təşəbbüsü, ola bilsin ki, səhv idi.

2011-ci ilin sonunda ABŞ qüvvələri İraqı tərk edəndən sonra yerli ordu təlimatçılarsız və hazırlıqsız qaldı.
Səddam Hüseynin ordusunda zabitlik etmiş keçmiş hərbi qulluqçular İŞİD qüvvələrinə qoşularaq indi İŞİD ordusunun ən öndə gedən komandirləri sayılır.

Şiə hərbiləşmiş dəstələri

Keçən il Mosul şəhəri İŞİD nəzarətinə keçəndən sonra, İŞİD ilə mübarizə aparmaq üçün on minlərlə sayı olan Xalq Səfərbəliyi qüvvələri təşkil olundu.

Həmin qüvvələr Bədr briqadaları, Hizbulla batalyonu, Əsaib Əhl əl-Həq qrupu və bu kimi digər dəstələrdən ibarətdir.

Bəzi məlumatlara görə, həmin qruplar Iran tərəfindən dəstəklənir.

İkinci böyük dəstə Xalq Səfərbərliyinə şiə dini xadimlərin fətvası ilə qoşulan döyüşçülərdən ibarətdir.

İŞİD silahlıları Mosulu ələ keçirdikdən bir neçə gün sonra, şiə xadimləri xalqı silaha səslədi.

Bağdaddan son xəbərlərə görə, şiə gəncləri məsçidlərdə qeydiyyatdan keçərək döyüş hazırlığı almaq üçün hərbi düşərgələrə yollanır.

Ramadi: Səfərbərlik qüvvələri İD-ni məğlub edə bilərmi?

Ramadini geri almaq səylərinin uğuru yerli sünnilərin məsələyə münasibətindən asılı ola bilər.

Bu yaxınlarda Səfərbərlik qüvvələri İŞİD-ə üstün gələrək Tikrit şəhərini geri ala bilmişdilər.

Lakin hərbiləşmiş dəstələr ərazidəki sünnilərə qarşı "qisas hücumları" təşkil etməkdə ittiham olundu.

Səfərbərlik qüvvələrinin rəsmilərindən biri BBC-ə deyib ki, nə qədər ki şiə silahlı dəstələri İraq ordusu ilə ittifaqda olacaq, sünnilər orduya yaxın durmayacaq.

Hətta mərkəzi höküməti dəstəkləyən Anbar vilayətindəki sünnilərin belə Xalq Səfərbərliyi qüvvələrini qəbul etməyəcəyi istisna olunmur.

Anbar vilayətindəki sünni tayfa liderlərindən birinin təbirincə, "sünniləri yalnız onların övladları azad edə bilər".


Müəllif:

Oxşar xəbərlər