11 İyun 2015 20:45
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 10-da Fransanın Oradur-sür-Qlan şəhərində 1944-cü ildə alman faşistləri tərəfindən qətlə yetirilmiş sakinlərin xatirəsini anma mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

1944-cü ilin iyunun 10-da hazırkı şəhərin ərazisində yerləşən qəsəbənin əhalisi bir neçə saat ərzində alman faşistləri tərəfindən vəhşicəsinə məhv edilib – kişi əhalisi güllələnib, qadın və uşaqlar isə kilsədə diri-diri yandırılıb. İkinci Dünya Müharibəsi zamanı Fransa ərazisində baş vermiş və mülki insanların kütləvi məhvinə səbəb olmuş ən dəhşətli faciə hesab olunan Oradur-sür-Qlan qırğını 642 insanın həyatına son qoyub ki, bunlardan 25 nəfəri 5 yaşa qədər uşaqlar, 145 nəfəri 5-14 yaşları arasında uşaq və yeniyetmələr, 240 nəfəri isə gənc qızlar və qadınlar olub. Şəhər yandırılaraq, yerlə yeksan edilib. Məhv edilmiş qəsəbənin xarabalıqları saxlanılmış və həmin ərazi “Şəhid kəndi” adı ilə faciəni əks etdirən muzey kimi dövlət tərəfindən qorunmaqdadır. Bundan əlavə, şəhərdə “Xatirə memorialı” ucaldılıb. Şəhərə Fransa Hökuməti tərəfindən "fəxri legion" ordeni verilib. Hər il iyunun 10-da Oradur-sur-Qlanda siyasi və ictimai xadimlərin iştirakı ilə anma mərasimi keçirilir.

Bu ilki mərasimdə ilk dəfə olaraq, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı şəhərinin nümayəndə heyəti – şəhər icra hakimiyyətinin başçısı Şahmar Usubov və Milli Məclisin deputatı Elman Məmmədov da qatılıblar. Mərasim zamanı Xocalı şəhəri və Azərbaycanın Fransadakı səfirliyi adından Oradur-sür-Qlan Xatirə Memorialı önündə əklillər qoyulub.

Azərbaycan nümayəndə heyəti Oradur-sür-Qlan şəhər rəhbərliyi ilə keçirdiyi görüşdə xalqımızın İkinci Dünya Müharibəsi zamanı alman faşistləri üzərində Qələbəyə verdiyi töhfə və azərbaycanlıların Fransada müqavimət hərəkatında iştirakları barədə məlumat verib.

Görüşdə nümayəndə heyətimizin üzvləri Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində etnik təmizləmə, soyqırımı və terror aktlarının hədəfinə çevrildiyini bildirib, bu cür faciələrin bir daha yaşanmaması üçün xalqımızın daim öz səsini ucaltdığını və Oradur-sür-Qlan sakinləri ilə həmrəy olduğunu bəyan ediblər.


Müəllif:

Oxşar xəbərlər