Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə və Rusiya prezidentləri ötən gün görüşüblər.
Yerli mətbuatda Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi bu görüşü əks etdirən foto şəkil yayılıb.
Putinin mətbuat katibi Dmitri Peskov isə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu gün də görüşəcəklərini deyib.
“İlk Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gedən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğan və Vladimir Putin iyunun 13-ü keçirəcəkləri görüşdə bütün sahələrdə münasibətləri, həmçinin bir sıra aktual regional problemləri müzakirə edəcəklər”.
Görüş zamanı Peskov həmçinin “Türk axını” layihəsinin də müzakirə olunacağını istisna etməyib.
Peskov prezidentlərin Bakı görüşünün vacib olduğunu bildirib. “Rusiya və Türkiyə ticari-iqtisadiyyat, sərmayə, müxtəlif sahələrdə böyük layihələr həyata keçirən, həmçinin enerji sahəsində vacib tərəfdaşlardır”, - deyə o qeyd edib. O, görüşün əvvəlcədən razılaşdırıldığını da bildirib.