Rusiya 2014-cü ilin iyulunda baş vermiş MH17 təyyarə fəlakətinin araşdırılması məqsədilə beynəlxalq tribunal yaradılması barədə BMT qətnamə layihəsini özünün veto hüququ ilə bloklayıb. Rusiya BMT Təhlükəsizlik Şurasının 15 üzvü arasında bu qətnaməyə qarşı çıxan yeganə ölkə kimi qətiyyətlə pislənib.
Malayziya Hava Yollarına məxsus təyyarənin Amsterdamdan Kuala Lumpura uçarkən şərqi Ukrayna üzərində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub. Bu ərazidəki Rusiya yönlü qiyamçılar təyyarəni vurduqları barədə ittihamları təkzib edirlər. Qərb dövlətləri və Ukrayna bildirir ki, təyyarənin bölgəyə Rusiya tərəfindən göndərilmiş Buk raketi ilə vurulmasını göstərən dəlillər var. Rusiya bu iddianı rədd edir.
Malayziya məsuliyyət daşıyanların mühakimə edilməsi məqsədilə beynəlxalq tribunalın yaradılmasına çalışır. Bu təşəbbüs hadisə zamanı 196 vətəndaşını itirmiş Holandiya, habelə Ukrayna, Belçika və Avstraliya tərəfindən dəstəklənir. Moskva baş vermis fəlakətə görə Kiyev hökumətini ittiham edir.
Bu ayın əvvəllərində çıxış edən Rusiya prezidenti Vladimir Putin demişdi ki, tribunalın yaradılması “vaxtından əvvəl atılmış addım” olardı və “əks-nəticə” verərdi. Rusiya ötən çərşənbə günü Təhlükəsizlik Şurasının Nyu Yorkda keçirilən sessiyasında 11 üzvün qətnamə layihəsini dəstəkləməsinə baxmayaraq, sənədin əleyhinə özünün veto hüququndan istifadə edib. Anqola, Çin və Venesuela səsvermədə bitərəf qalıb. “Rusiya hüzn keçirən ölkələrdə ictimaiyyətin etirazlarına kobud hörmətsizlik edib” – deyib ABŞ-ın BMT-dəki elçisi Samantha Power.