İspaniyanın Kataloniya vilayətində yerli parlamentə seçkilər keçirilir. Təxminən 5,5 milyon seçici 135 nəfərdən ibarət qanunvericilik orqanının tərkibini müəyyən edəcək.
Vilayət parlamentinə seçkilər olmasına baxmayaraq, bu səsvermə hazırda bütün dünyanın diqqət mərkəzindədir. Çünki seçkilərin əsas favoriti hesab olunan “Junts pel Si” (“Hə” üçün birlikdə) koalisiyası parlamentdə çoxluğu əldə edərsə, Kataloniyanın İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan etməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib. Bu koalisiyanın əsas rəqibi isə vilayətin İspaniyanın tərkibində qalmasının tərəfdarı olan Kataloniya Xalq Partiyasıdır. Bu baxımdan seçkilər həm də Kataloniya əhalisinin müstəqilliyə münasibətini ifadə edəcək.
İspaniyanın mərkəzi hökuməti bir daha bəyan edib ki, Kataloniyanın müstəqilliyi ilə bağlı atılan hər hansı addımı legitim hesab etməyəcək.
İlkin nəticələr 2680 seçki məntəqəsində səsvermə prosesi bitdikdən bir neçə saat sonra açıqlanacaq. Rəsmi nəticələrin isə oktyabrın 4-də elan olunacağı gözlənilir.