28 Sentyabr 2015 11:21
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanın beynəlxalq aləmdəki əlaqələrini və fəaliyyətini qiymətləndirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, o, bununla bağlı məsələlərə Amerikanın "CBS" telekanalına verdiyi müsahibədə toxunub. Putinin sözlərinə görə, Obama prezident kimi heç də pis fəaliyyət göstərmir: "Mənim ABŞ prezidentinə qiymət vermək hüququm yoxdur. Bu, Amerika xalqının işidir. Bəziləri Obamanı beynəlxalq aləmdə zəif fəaliyyətdə ittiham edir. Mən heç də belə hesab etmirəm”.

Rusiya prezidenti jurnalistin "Obama sizə qulaq asır?" sualına belə cavab verib: "Mənə elə gəlir ki, biz bir-birimizə təsəvvürlərə zidd olmayan məsələlərdə qulaq asırıq. Ancaq mən amerikalı həmkarımın bu barədə nə düşündüyünü deyə bilmərəm".

Putin ABŞ-ın Rusiyanı daha çox maraqlandırdığını qeyd edib: "Biz ABŞ-da baş verənləri yaxından izləyirik. Çünki bu ölkə dünyadakı vəziyyətə böyük təsir göstərir. Mənim üçün ABŞ-ın qarşısındakı problemlərə yaradıcı yanaşması çox maraqlıdır. Bu, insanların daxili potensialını açmağa imkan verir. Düşünürəm ki, ABŞ bunun sayəsində xeyli uğurlar əldə edib".

Rusiya prezidenti jurnalistin Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın rolu ilə bağlı sualına cavab olaraq bunları deyib: "Birləşmiş Ştatlardakı tərəfdaşlarımız Obamanın Yanukoviçin əleyhidarlarını dəstəklədiyini gizlətmirlər. Mən dəqiq bilirm ki, ABŞ-ın Yanukoviçin devrilməsində rolu var".

Putin Ukrayna ilə sərhəddə Rusiyanın hərbi potensialının artırılmasına da aydınlıq gətirib: "Bir ölkənin öz ərazisi daxilində hərbi potensialını artırması cinayət deyil. Yaddan çıxarmayaq ki, ABŞ və NATO Avropada hərbçilərini yerləşdirir və ABŞ-ın Avropada taktiki nüvə silahı var".

Samir


Müəllif:

Oxşar xəbərlər