13 Yanvar 2016 12:29
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama “Ölkənin mövqeyi haqqında” illik müraciətini açıqlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Obama müraciətində bir sıra beynəlxalq məsələlərə toxunub.

ABŞ prezidenti ilk olaraq İŞİD terror təşkilatı ilə mübarizəyə diqqət çəkib. Onun sözlərinə görə, terrorçuluqla mübarizəni Üçüncü dünya müharibəsi kimi qiymətləndirmək düzgün deyil: "İŞİD ilə mübarizənin Üçüncü dünya müharibəsi kimi qiymətləndirilməsi terrorçuların əlinə oynayır. Onları öz adları ilə çağırmaq lazımdır - cinayətkar və fanatiklər. Terrorçuları tutmalı və məhv etməliyik".

Obama əlavə edib ki, terrorçuluqla mübarizə ABŞ-ın xarici siyasətinin əsas prioritetini təşkil edir: "Əl Qaidə" və İŞİD qruplaşmaları bizim vətəndaşlarımızı birbaşa təhdid edir. İŞİD məhv edilsə belə, Yaxın Şərq, Pakistan, Əfqanıstan, Mərkəzi Amerika, Asiya və Afrikanın müxtəlif bölgələrində sabitliyi bərpa etmək üçün uzun müddət tələb ediləcək. Bu da yeni miqrant dalğasının, bölgədə aclığın yaranması deməkdir".

B.Obama dünyanın ən mürəkkəb məsələlərinin Çin və Rusiya ilə deyil, ABŞ-la həll edildiyini deyib: "Sorğular göstərir ki, ABŞ-ın nüfuzu mənim bu vəzifəyə təzə seçildiyim vaxtla müqayisədə hazırda daha yüksəkdir və söhbət istənilən mühüm beynəlxalq məsələdən gedəndə bütün dünya lider qismində Pekin və Moskvaya deyil, ABŞ-a zəng edir. ABŞ-ın tənəzzülə uğraması ilə bağlı fikirlər əsassızdır. ABŞ hazırda dünya nəhəngidir. Biz böhranla üzləşən dövlətləri “zəbt etməyəcəyik”. Bu, bizim özümüzə ziyan vuracaq və amerikalıların qanı axacaq. Sonda isə özümüz çıxılmaz vəziyyətdə qalacağıq".

ABŞ lideri ölkəsinin Ukraynada demokratiyanı dəstəklədiyini deyib: "ABŞ Ukraynada demokratiyaya, Kolumbiyada isə onillərlə davam edən müharibənin həllinə dəstək nümayiş etdirir. Bu, bizim də asılı olduğumuz beynəxalq qanunları möhkəmləndirir".

Obama nüvə razılaşmasından sonra İranın nüvə proqramında dəyişikliklərin olduğunu söyləyib: "Biz sanksiyalar və diplomatiya ilə beynəlxalq koalisiya yaratdıq ki, İran nüvə silahına sahib olmasın. Artıq İranın nüvə proqramında dəyişiklikləri müşahidə edirik".

Qeyd edək ki, bu çıxış Obamanın prezident vəzifəsində Konqresdəki son nitqidir.

Samir


Müəllif: