“Tehran terroru dəstəkləyir, dini və etnik çaxnaşmaları qızışdırır”
"Suriya prezidenti Bəşər Əsədin istefası İŞİD terror təşkilatı üzərində qələbə deməkdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr deyib. Onun sözlərinə görə, Əsəd terrorçuları və ekstremistləri regiona cəlb edən "başlıca maqnit"dir:
"İŞİD üzərində qələbə üçün ikinci vacib element İraqda sunni azlığın hüquqlarını təmin edən islahatların aparılmasıdır. Səudiyyə hakimiyyəti regionda baş verənlərə aktiv müdaxilə etməyə məcburdur. Yəməndəki hadisələri misal göstərmək olar. Bu ölkədə ekstremistlərin aktivliyinə İran və "Hizbullah" döyüşçüləri yardım edir".
Əl-Cübeyr əlavə edib ki, İsrail hakimiyyəti ərəb ölkələrinin sülh təşəbbüsünü qəbul etsə, o zaman yəhudi və islam ölkələri arasında münasibətlər normallaşa bilər.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr İranı region ölkələrinin daxili işlərtinə qarışmaqda, bölgədə terrorizmə dəstək verməkdə və Suriya diktatoru Bəşər Əsədə hərtərəfli yardım göstərməkdə günahlandırıb: "İran Bəşər Əsəd rejiminin məhvinin qarşısını almaq üçün Əfqanıstan, İraq və Pakistandan muzdlu şiə yaraqlılarını cəlb edib, Suriyaya göndərməklə bölgədə dini və etnik çaxnaşmaları qızışdırır. Bizim heç vaxt İrana qarşı düşmənçilik niyyətimiz olmayıb. Biz heç vaxt İranda dini və etnik ixtilafları qızışdırmağa cəhd göstərməmişik. Biz heç vaxt İran diplomatlarına qarşı terror aktı törətməmiş, bu ölkənin səfirliyinə hücum etməmişik. Biz heç vaxt qaçaqmalçılıq yolu ilə İrana partlayıcı maddələr göndərməmiş, bu ölkədə terrorçu qruplar yaratmamışıq və onlara dəstək verməmişik.
Halbuki, İran, dünyanın 1 nömrəli terrorçu təşkilatı sayılan “Hizbullah”ı yaradan ölkədir. 300 mindən çox günahsız insanın ölümünə və 12 milyon nəfərin didərgin düşməsinə səbəb olan rəhmsiz bir diktatoru süqutdan qurtarmaq uğrunda vuruşan da məhz İrandır. Bəli, bütün bunlar Səudiyyə Ərəbistanının yox, İranın gördüyü işlərdir”.
Qeyd edək ki, bir müddət öncə Suədiyyə XİN rəhbəri ölkəsinin Suriyadakı quru əməliyyatlarında iştirak edəcəyini bildirmişdi.
Samir