17 İyun 2014 12:48
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Türkiyə müxalifətinin əsas partiyaları olan Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat partiyalarının (MHP) prezidentliyə vahid namizədi elan olunub.

CHP-nin keçmiş sədri Dəniz Baykalın adı vahid namizədlikdə çəkilsə də, CHP və MHP onun namizədliyi üzərində dayanmayıb.

Teleqraf.com “Vətən” qəzetinə istinadən xəbər verir ki, Dəniz Baykal E.İhsanoğlunun vahid namizədliyi barədə ona çoxlu zənglər edildiyini bildirib və proseslər barədə danışmaq istəmədiyini söyləyib: “Bir şey demək istəmirəm, sadəcə prosesləri izləyirəm”.

“Sizə zəng edənlərin İhsanoğlunun namizədliyi barədə fikirləri necədir” sualına D.Baykal belə cavab verib: “Heyrət, üzüntü”.

O, CHP-nin hazırki sədri Kamal Kılıçdaroğlu və ya partiya nümayəndələrindən vahid namizəd ətrafında müzakirə aparmaq üçün heç bir təklif gəlmədiyini də vurğulayıb.

Qeyd edək ki, avqustun 10-da Türkiyə Respublikası tarixində prezidenti ilk dəfə xalq seçəcək.

Türkiyənin əvvəlki 11 prezidenti Böyük Millət Məclisində seçilib. 2007-ci ildə seçilmiş 11-ci prezident Abdulla Gülün səlahiyyət müddəti bu il başa çatır. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğanı namizəd göstərəcəyi gözlənilir.

Artıq CHP və MHP-nin “çatı aday” kimi xarakterizə etdikləri vahid namizəd Ekmələddin İhsanoğlu iki partiyanın qərarını şərh edib: “CHP və MHP-yə bu ortaq qərarına görə təşəkkür edirəm və bunu hörmətlə qarşılayıram. Şübhəsiz ki, Türkiyə kimi böyük bir ölkədə bu uca vəzifəyə layiq çox sayda şəxsiyyət var”.

Nərgiz


Müəllif: