Rusiya məhkəməsi ukraynalı pilot qadın Nadejda Savçenkonun cəza müddətini vətənində çəkə biləcəyinə dair qərar qəbul edə bilər. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ukrayna tərəfi bununla bağlı Rusiyaya müraciət etməli və Savçenkonun vaxtından tez azadlığa buraxılmayacağına dair üzərinə öhdəlik götürməlidir.
Bir qədər öncə Savçenkonun vəkili İlya Novikov bildirmişdi ki, onun müvəkkili yaxın 1 ay ərzində vətəninə təhvil verilə bilər. Onun fikrincə, Rusiya tərəfi Savçenkonu Ukraynada məhkum olunmuş iki Rusiya vətəndaşına — Aleksandrov və Yerofeyevə dəyişəcək.
Qeyd olunur ki, Putin aidiyyəti qurumlara Ukrayna ilə münasibətləri normallaşdırmaq barədə təkliflər planı hazırlamaq təklifi verib.