25 May 2016 13:03
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Rusiya və NATO münasibətlərdəki gərginlik dünya mediyasının gündəmini zəbt edib. Tərəflər tez-tez biri-biriini beynəlxalq qanunları pozmaqda ittiham edir.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Şərqi Avropada öz mövqeyini möhkəmləndirəcəyindən qorxuya düşən Şimali Atlantika Alyansı bu bölgələrdə hərbi varlığını genişləndirmək üçün səylərini artırıb.

NATO Latviya, Litva və Estoniya hökumətlərinin razılığı ilə Şərqi Avropadakı hərbi bazalarının sayını iki dəfə artırıb. Bu məsələ Rusiya tərəfinin kəskin narazılığı ilə qarşılanıb. Rusiya xarici işlər naziri Sergey Lavrov bu addımın cavabsız qalmayacağını deyib: "Biz vəziyyəti gərginləşdirməyə meylli deyilik. Ancaq bu o demək deyil ki, Rusiya bunu susqunluqla qarşılayacaq. NATO-nun Rusiyanın sərhədləri yaxınlığında hərbi varlığını artırması rəsmi Moskvanı narahat edir. Bu kontekstdə Rusiya tərəfi risk və təhlükələrdən yayınmaq üçün bütün lazımi addımlar atacaq".

Lavrov NATO-nun nə vaxtsa konfrontasiyadan əl çəkəcəyinə ümid etdiyini deyib.

Bundan bir müddət əvvəl NATO baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiya ilə toqquşmaq və yeni “soyuq müharibə” istəmir: "Amma biz Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqindəki yaranmış böhrandan narahatıq. Siyasi dialoq üçün müzakirə qapılarını açıq saxlamaq lazımdır".

Açıqlamadan sonra Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Qruşko Alyansı danışıqlara çağırıb: “Rusiya və NATO bəzi mövzularda fikir ayrılırlarını müzakirə etməlidir. Bu danışıqlara real yanaşmaq lazımdır”.

Ümumilikdə, NATO və Rusiya münasibətlərində gərginlik hökm sürür. Tərəflər Suriya və Ukrayna kimi bir neçə münaqişə zonalarında üz-üzə gəlir. Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ilə əlaqədar rəhbərlik etdiyi qurumun sərhəd bölgələrində 3 hərbi diviziya yaratmağı planlaşdırdığını deyib. Yeni hərbi birləşmələrdən ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Buna cavab olaraq, NATO-nun baş katibi Yens Stoltenberq alyansın şərq sərhədlərində hərbi birliklərin yerləşdirilməsini təklif edib. ABŞ müdafiə nazirinin müavini Robert Uork isə bildirib ki, NATO ölkələri ittifaqın şərq sərhədlərini gücləndirmək üçün Polşa və Baltikyanı ölkələrdə təxminən dörd min hərbi qulluqçu yerləşdirmək niyyətindədir. “The Wall Street Journal” nəşrinin yazdığı məlumatda isə qeyd edilib ki, NATO 2017-ci ilin fevral ayından Bolqarıstan, Rumıniya, Polşa, Latviya, Litvaya və Estoniyaya tank briqadaları göndərəcək.

Hazırda bütün diqqət bu il iyulun 8-9-da keçiriləcək NATO-nun Varşava sammitinə yönəlib. NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının sammitdə həlledici qərarlar qəbul edəcəyini bəyan edib. Y.Stoltenberq vurğulayıb ki, NATO təhlükəsizlik sferasında yeni vəziyyətə adaptasiya olunmaq üçün "dönüş xarakterli qərarlar" qəbul etməyə hazırlaşır. Onun sözlərinə görə, alyans rəhbərliyi qitənin şərqindəki müttəfiqlərinin təhlükəsizlik problemlərinə heç cür biganə qala bilməz.

Rusiya tərəfi isə verdiyi açıqlamada bu görüşdən surpriz gözləmədiklərini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər