Bu gün Qazaxıstanın paytaxtı Astanada torpaq islahatı ilə bağlı yaradılmış komissiyanın üçüncü iclasında torpaqların yerli və xarici sahibkarlara icarəyə verilməsi məsələsi müzakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, iclasa Qazaxıstan baş nazirinin müavini Bakıtcan Saqıntayevin rəhbərliyi ilə 60-a yaxın ictimai xadim, təşkilat təmsilçisi qatılacaq.
"Xalqın taleyi" İctimai Birliyinin sədri Dostmuhəmməd Qaşumov torpaqların kimə və hansı miqyasda icarəyə verilməsi ilə bağlı informasiyanın açıq olmasını istəyib. Qaşumov bunun dövlət sirri kimi qorunmasına etiraz edib.
İctimai xadim Muxtar Taycan Çin tərəfi ilə Qazaxıstan rəsmi orqanlarının bağladığı müqavilənin açıqlanmasını istəyib: "Belə bir müqavilə varsa, mütləq dərc edilmədir, bilinməlidir ki, müqavilədə nə əks olunub".
Digər ictimai xadim Murad Abenovun sözlərinə görə, konkret qərar qəbulu üçün nəinki adi vətəndaşlarda, heç komissiya üzvlərində də yetərli məlumat yoxdur".
Qazaxıstan prezidenti Nursultan Nazarbayev mayın 5-də Torpaq Məcəlləsinin qalmaqallı 4-cü bəndinin qüvvəyə minməsinə moratorium qoyub və məsələnin araşıdrılması üçün komissiya yaradılıb.
Torpaqların yerli və əcənəbi sahibkarlara icarəyə verilməsini nəzərdə tutan həmin bənd Qazaxıstanda "inqilabi əhval-ruhiyyə" yaradıb, müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib.
Bəzi Qərb analitikləri bu etirazların post-Nazarbayev dövrünə hazırlıq kimi də dəyərləndirirlər.
Mahir