Teleqraf.com tanınmış şair Mətləb Ağanın yeni şeirini təqdim edir:
***
Necə akvariumda
yaşayan tənha balıq,
ancaq bircə şey bilir,
nə deməkdi tənhalıq...
Necə köhnə albomun
saralmış şəkilləri,
elə bilir, dönəcək
ömrünün ağ illəri...
Necə o dibçəkdəki
o çiçək susur, susur;
sən bilirsən dərdini;
unudulmaq qorxusu...
Necə uzaq üfüqlər
çəkilər ilğım kimi,
həyat da bax beləydi;
ovucdakı qum kimi...
...Sonra bir isti səhra
göyə sovrulan qumu:
“mənə o dibçəyi ver,
bir də akvariumu...”