Ermənistanda hakim “Mənim addımın” parlament fraksiyası Konstitusiyaya dəyişikliklə bağlı layihəni müzakirə edir.
Teleqraf.com erməni media resurslarına istinadən xəbər verir ki, əgər bu dəyişiklik qəbul edilərsə, Ermənistan parlamenti buraxıla bilər.
Qeyd edilir ki, dəyişikliklərin mahiyyəti Konstitusiyanın 92-ci maddəsinə düzəliş etməklə bağlıdır. Buna görə, parlamentin buraxılması halında millət vəkillərinin azı 3/5-nin qərarı ilə parlamentə fövqəladə seçkilər keçirilə bilər.
Erkən parlament seçkilərinin keçirilməsi parlamentin buraxılmasından 40 gün sonra, ən geci isə 55 gün ərzində baş tuta bilər. Mövcud qanunvericiliyə görə isə, bu müddət 30-45 gün ərzində keçirilməlidir.
Konstitusiyaya görə, erkən parlament seçkiləri yalnız baş nazirin istefasından sonra 7 gün ərzində parlamentdə ümumi deputat sayının çoxluğu ilə yeni baş nazirin seçilməməsi halında keçirilə bilər.
İndiki halda parlamentdəki müxalif deputatlar Nikol Paşinyanın istefasından sonra baş nazirliyə namizədlərini verəcəklərini qeyd edirlər. Bu isə o deməkdir ki, Paşinyanın istefasından sonra yeni baş nazir seçilə bilər. Bu sözsüz ki, “Mənim addımın” fraksiyasını qane etmir.
Qeyd edilir ki, “Mənim addımın” fraksiyasının Konstitusiya dəyişikliyi etməsi üçün parlamentdə 88 səsə ehtiyacı var.