Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək.
Teleqraf.com xəbər verir ki, bu, mövsümün dördüncü yarışı olacaq. Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Mercedes”in almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.
Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir.
Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy"ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır. Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib.
Konstruktorlar Kubokunda hələlik ötənilki yarışın qalibi olan “Mercedes” komandası qərarlaşıb. Almaniya təmsilçisinin 85 xalı var. İkinci sıradakı “Ferrari” 84, “Red Bull”un isə 55 xala malikdir.
Bakı üç gün ərzində “Formula 1” ilə yanaşı, “Formula 2” yarışına da ev sahibliyi edəcək. Bu səbəbdən, Qran Prinin təqvimi hər ikisini əhatə edir. Əsas diqqət mərkəzində olacaq “Formula 1”də sərbəst yürüşlər aprelin 27-də gerçəkləşəcək. Birinci sərbəst yürüş saat 13:00 - 14:30-da, ikincisi isə 17:00 - 18:30-da baş tutacaq.
Aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün isə saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.