28 May 2018 10:15
12 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı politoloq, jurnalist Rasim Ağayevdir.

– Rasim müəllim, hamı sizi köklü-köməcli bakılı kimi tanıyır, ancaq 1940-cı ildə Naxçıvanda doğulmusunuz. İstərdim söhbətimizə bu məqama aydınlıq gətirməklə başlayaq...

– Biz ailədə 7 uşaq olmuşuq, indi həyatda 3 nəfər qalıb. Hərəmiz bir rayonda doğulmuşuq. Məsələn, böyük qardaşım Çingiz Sabirabadda, digər qardaşım Şuşada anadan olub. Bu da mənim atamın prokuror işləməsi ilə bağlıdır. Atam Hüseyn Ağayev Moskvada ali hüquq təhsili alıb. Hər rayonda da ən çoxu 2-3 il işləyib.

Mircəfər Bağırov atamı gözümçıxdıya salmışdı

– Atanızın fəaliyyəti barədə danışmağınızı istərdik...

– Atam Azərbaycanın ilk inqilabçılarından olub. Onlar əslində türk olublar. 1890-cı ildə baş verən ilk erməni-türk qarşıdurması zamanı atamgil Ərzurumda yaşayırmış. Atam ərzurumludur. Mən bunu geniş ictimaiyyətə ilk dəfə açıqlayıram. Çünki bu bizim ailəmizin sirri olub. Bu sirri Mircəfər Bağırov yaxşı bilirdi. Ona görə də həmişə atama hədə-qorxu gəlirdi. Yəni, bilirdi ki, onun əsil-nəcabəti türkdür. Ancaq təbii ki, atam sovet hökumətinin tələblərinə uyğun olaraq sənədlərində azərbaycanlı yazmışdı. Atamla Bağırov arasında həmişə rəqabət olub. Atam Moskvada ali hüquq təhsili alıb, həm də SSRİ-nin prokuroru Andrey Vışinski ilə yaxın olub. Bağırov da ona görə atamı gözümçıxdıya salmışdı. Təsəvvür edin ki, o, 1932-ci ildən 1943-cü ilədək atamı Qubadan tutmuş Naxçıvanadək bütün rayonları gəzdirmişdi. Yəni, bu rayondan o rayona göndərirdi. Axırda gətirib Artyom adasına atdı. O vaxtlar Artyom ada idi, indi isə ada yarımada ilə damba vasitəsilə birləşib. Həmin vaxtlar damba yox idi. Maşınla Abşeron yarımadasının qurtaracağına gəlirdik, orda gəmiyə minirdik və adaya gedirdik. Artyomdan sonra atamı Əzizbəyov rayonuna göndərdilər.

Bağırovla şəklim indiyədək qalmaqdadır

– Artyom həmin vaxt ayrıca rayon idi?

– Ora gah Artyom rayonu, gah da “Artyom-neft” deyirdilər. Çünki ilk dəniz buruqları orda qazılmışdı. Bağırov hər il noyabr bayramında (SSRİ-nin əsas bayramı olan Böyük Oktyabr Sosialist İnqilabının ildönümü təzə tarixlə noyabrın 7-də qeyd edilirdi-S.Həmid) ora gələrdi. Uşaqları trestə yığırdılar, Bağırov hər birimizə hədiyyə verirdi, şəkil çəkdirirdi. Belə fotoların birini də bizimlə çəkdirmişdi. Həmin foto indiyədək məndə qalmaqdadır.

– Bəs ailə Ərzurumdan hara köç etdi?

– İlk erməni-türk qırğınından sonra babam ailəsini götürüb İrəvana gətirib. O vaxtlar İrəvan türk şəhəri idi. Erməni-türk qırğını nəticəsində babamın ailəsini Bakıya deyil, İrəvana gətirməsi də bunu sübut edir. Ailə pərən-pərən düşür. Atam, əmim və babam İrəvana gəlirlər. Ailənin qadın üzvləri digər əmimlə Aşqabada gedir. Atam həmişə deyirdi ki, İrəvanda qarşıdurma olanda biz həmişə onlara köməyə gedirdik. Ancaq 1890-cı ildə onlar köməyə gəlmədilər. Ona görə də biz qaçmağa məcbur olduq. Təsəvvür edin, bir əmim Şimali Qafqazda rəhmətə gedib, bibilərim Aşqabadda, bir əmim də Krıma gedib çıxıb.

Gecə ikən Bağırovun büstü yox oldu

– Atanızla Mircəfər Bağırovun münasibətləri haqqında bir qədər ətraflı danışmağınızı istərdik...

– Hər ikisi inqilabda iştirak edib. Atam 1915-17-ci illərdən partiyaya qoşulub. Bağırov isə sonradan ortaya çıxıb. Məsələn, sovet hökuməti ilk dəfə Həştərxana köçəndə atam da orda olub. Atam atıcı tabor komandiri, Bağırov isə bölük komandiri olub. Sonradan Bağırov Bakıya gəlib, burda yüksəlib. Atam da Rusiyanın şəhərlərində işləyib. O, Bakıya qayıdanda Bağırov Azərbaycanda ali idarəedici orqan olan Azərbaycan Fövqəladə Komissiyasının sədri idi. Mən onların münasibətlərinin pisləşməsinə konkret hansı hadisənin səbəb olduğunu dəqiq bilmirəm. Amma atam Bakıya qayıdan kimi Bağırov onu dərhal Qarabağa göndərdi. Atam Qarabağda prokuror oldu. Biz Şuşada qalırdıq. Ordan da Naxçıvana göndərdi. 1943-cü ildə Bağırov atamı işdən çıxardı və 8 ay işsiz qaldı. Yadımdadır, biz Mustafa Sübhi küçəsində yaşayırdıq. Anam sandığı açır, bir qızıl əşyasını götürür, “Kubinka”ya gedir, orda qızılı satır, ərzaq alıb gəlirdik. Sonra artıq qeyd etdiyim kimi Bağırov atamı Artyoma göndərdi. Orda da faktiki sürgündə idik. Adada qalırdıq.

Bağırov işdən çıxarılandan sonra anam atama dedi: “Hüseyn, bəlkə səni yada saldılar”. Həmin vaxt atamın 60-dan artıq yaşı var idi. Ancaq atam heç bir səy göstərmədi. Bir gün xəbər gəldi ki, Bağırov işdən və partiyadan çıxarılıb. Böyük qardaşım Çingizlə axşam şəhərə çıxmışdıq. Şəhərin mərkəzində Bağırovun büstü var idi. Gördük ki, büst artıq yoxdur, götürülüb. Büstün yerinə bürüncdən vımpel qoyulmuşdu.

– Demək, sağlığında Bağırovun Bakıda büstü var imiş...

– Əlbəttə. Bir neçə yerdə onun büstü var idi. 1953-cü ilədək həmin büstlər dururdu. Onu da deyim ki, 1956-cı ilin aprelində Bağırovun məhkəməsi keçirildi. Atamı məhkəməyə çağırdılar. O, məhkəmədə çıxış etdi.

Deyib ki, onsuz da güllələyəcəksiz, ancaq məsələ elə olmayıb, belə olub

– Həmin çıxışı xatırlayırsınızmı?

– Atam bizimlə söhbət etmirdi, biz bunu başqalarından eşidirdik. O, rusca deyirdi ki, “Bağırov vel sebya mujestvenno”. Yəni, özünü mərd aparıb. Ancaq Xoren Qriqoryan, Ruben Markaryan, Ağasəlim Atakişiyev ağlayıb-sızlayıblar. Yuvelian Sumbatov-Topuridze isə özünü dəliliyə qoyub, nəticədə onun işi digərlərinin işindən ayrılıb, onu psixiatrik xəstəxanaya köçürüblər və 1960-cı ildə orada da vəfat edib. Hətta Bağırov ona deyib ki, “bəsdi, ya səsini kəs, ya da bunu burdan çıxarın, adam kişi olar”. Bundan əlavə Bağırovun dövlət ittihamçısı, 1953-1981-ci illərdə SSRİ-nin Baş prokuroru olmuş Roman Rudenko ilə mübahisələri düşüb. Bilirsiniz ki, Rudenko Nürnberq prosesi zamanı SSRİ-nin baş ittihamçısı olub. Bağırov deyib ki, siz belə qələmə verirsiz, ancaq elə olmayıb, belə olub. Rudenko deyib ki, mən sizdən soruşmuram. Bağırov da deyib ki, ancaq soruşsan, pis olmazdı. Çünki mən görürəm ki, siz işi saxtalaşdırmaq istəyirsiz, gərək saxtalaşdırmayasız. Onsuz da məni güllələyəcəksiz, ancaq mən izah edirəm ki, məsələ başqa cür olub. Sizin işinizi yüngülləşdirirəm ki, mənim günahım filan-filan məsələlərdədir.

Atamdan Bağırov əleyhinə ifadə almağa çalışıblar

Sonra atamı qaldırıb hansısa məsələyə dair fikrini soruşublar. Sözündən belə çıxırdı ki, o, Bağırovun əleyhinə olan hansısa məlumatı təsdiqləməli idi. Atam da deyib ki, mənim bu işdən xəbərim yoxdur. Mən o zaman Naxçıvanda idim, yoldaş Bağırov məni bundan bir il sonra işdən çıxarsaydı, bunu bilərdim, indi də ona köməyim deyərdi. Mən indi nə “hə” deyə bilərəm, nə də “yox”. Söhbət 1942-ci ildə kiminsə güllələnməsi hadisəsindən gedirmiş. Rudenko deyib ki, hər halda siz hüquq-mühafizə orqanları sistemində işləyirdiz, ola bilməz ki, bu barədə məlumatsız olasız. Atam Rudenkoya deyib ki, siz də hüquqşünassız, mən də hüquqşünasam. Hüquqda şayiələrə yer yoxdur, fakt olmalıdır. Sizin qeyd etdiyiniz məsələni mən sənəd-sübutla təsdiq edə, bazarda edilən söhbəti bura daşıya bilmərəm. Burda söhbət Bağırovun deyil, kompartiyanın taleyindən gedir. Rudenko deyib ki, yaxşı, yaxşı, otur yerinə. Bununla da məsələ bağlanıb.

– Sizin özünüzün Bağırova münasibətiniz necədir?

– Bağırov, sözüz ki, zalım insan olub. Ancaq bununla belə hesab edirəm ki, Bağırov dövrünün adamı idi. Bunlar hakimiyyətə inqilab yolu ilə gəliblər. Özü də bu adi inqilab olmayıb, həqiqətən böyük inqilab, ictimai çevriliş olub. Bir sinfi bayıra atıblar, yerinə digər sinif gəlib. Yeni sinif də kimidir? Savadsız kəndilər və fəhlələr. Onlardan nə gözləmək olardı? Təbii ki, belə də olmalı idi. Onlar ictimai inkişafı belə başa düşürdülər. Yəni, böyük proletar inqilabı naminə azərbaycanlıların bir qismini öldürmək lazımdırsa, öldürək. Burda nə var ki?! Onlar düşünürdülər ki, planetdə milyardlarla adam var, Azərbaycandan yüz nəfər adam gedəcək. Nə böyük şeydir ki? Yəni, biz onları başa düşmərik. Öldürmək o dövrdə siyasi hərəkət kimi bir şey, ölçü götürmək idi.

– Maraqlıdır ki, öldürülənlər arasında Azərbaycanda sovet hökumətini quranlar da var idi...

– Hamı Bağırovun işlədiyi kimi işləyirdi. Bu, dövlətin qanunu idi. Bağırov dövlətin qanunundan çıxmırdı. Hər yerdə sinfi mübarizədən bəhs olunurdu. Sən gərək sinfi düşmənləri məhv edəsən. SSRİ-nin qanunları nöqteyi-nəzərindən yanaşdıqda Bağırov heç bir cinayət işlətməyib. O, həmin dövrdə mövcud olan SSRİ konstitusiyasının tələblərinin ən axırıncı icraçısı idi. Mən o şüurda olan adamları görmüşəm. Ola bilsin, Bağırov öz qəddarlığına görə heyfislənirdi. Bağırov hiss edirdi ki, o və onun sinfinin göstərdiyi qəddarlıq yeni nəsil tərəfindən qəbul olunmur. Hiss edirdi ki, artıq onun zəmanəsi keçdi. Bağırov olmayıb digəri olsaydı da eyni proseslər baş verəcəkdi.

Rəhmətlik Elşad Quliyevlə məni filologiya fakültəsinə atdılar

– Rasim müəllim, jurnalistika ixtisasını seçməyiniz necə baş verdi?

– Məktəbi bitirməyimə yaxın atam otağına çağırdı, dedi ki, sən deyəsən yazı-pozu adamısan. Hara getmək istəyirsən? Dedim, istəyirəm Moskvaya gedib Kinematoqrafiya İnstitutuna daxil olum. Dedi, Moskvaya anan buraxmayacaq, üstəlik bahalıdır-filan. O zaman dedim ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olacam. Atam razılaşdı. Sənədləri ora verdim. Üç imtahandan 5 aldım. Mən Artyomda rusların arasında böyümüşdüm. Azərbaycan dilindən yazılı imtahandan 3 aldım. Ancaq ümumilikdə 18 bal topladım ki, bu da qəbul olunmağa bəs edirdi. Ancaq məni filologiya fakültəsinə saldılar. Sonradan bildim ki, tarix fakültəsinə “böyük”lərin uşaqları qəbul olublar. Onların hamısına 19-20 bal veriblər. Məni də 18 balla “filfak”a köçürüblər. Düzdür, “filfak”a da “böyük”lərin uşaqları daxil olmuşdu, ancaq onların çoxu qızlar idi. Hamısının qız olmaması üçün məni və rəhmətlik Elşad Quliyevi (Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 1983-1990-ci illərdəki sədri-S.Həmid) bu fakültəyə salıblar.

III kursda oxuyana jurnalistika şöbəsi açıldı. Mən də ora keçdim. Bu sahə mənim üçün maraqlı idi. O vaxt “Bakı” qəzeti açılmışdı. Qəzetin rus versiyasının baş redaktoru milliyyətcə yəhudi olan Mark Peysel, Azərbaycan versiyasının baş redaktoru Nəsir İmanquliyev idi.

Sonradan Almaniyaya köçən rəhmətlik müəllimimiz Cığatay Şıxzamanov bir gün bizə dedi ki, şəhərə çıxın və gördüyünüz ən maraqlı hadisə barədə yazı yazın. Mən Artyoma gedəndə yoldakı mayak barədə süjet qurdum, yazdım. Yazıları təhvil verdik. Bir neçə həftədən sonra Cığatay müəllim dedi ki, yazdıqlarınızı oxudum. Rasimin yazdığı yazı radiodakı “Pionerskiy qorn” verilişində səslənəcək. Dedi, Rasim, məsləhətim budur, redaksiyaya gəl, bir söhbət edək, səndə nəsə var. Gəldim radioya. O vaxt orda Valid Sənani, Hacı Hacıyev, Altay Zahidov kimi görkəmli radio jurnalistləri işləyirdilər. Belə-belə radioya getdim-gəldim. Cığatay müəllim dedi ki, Rasim, yayda heç yerə getmə, yayda yer boşalacaq, mən sənin gəlməyini istəyirəm. Dedi ki, yer boşalsa, yuxarıdan kiminsə balasını göndərəcəklər. Mən də yayda Mingəçevirə getdim, orda turist bazasında işlədim. Cığatay müəllim qayıdandan sonra mənə dişinin dibindən çıxanı dedi. Dedi, sonra deyirsiz, yəhudilər belə, yəhudilər elə. Odur sən getdin, mən də məcbur oldum yəhudini götürdüm. Dedim, lap yaxşı, o da mənim dostumdur. Dedi, adə yox e, sən gərək başqa cür fikirləşəsən. Turbaza həmişə var, iş isə həmişə yoxdur.

Buna baxmayaraq, yenə də işləməyə başladım. İşləməkdə maraqlı idim, çünki qazanırdım. Onda radioda yaxşı pul qazanmaq olurdu. Jurnalistika fakültəsini bitirəndə radio işi mənim üçün maraqlı oldu. Çünki kollektiv də yaxşı idi. Onda radonun sədri Teymur Əliyev idi. O sonradan Mərkəzi Komitədə şöbə müdiri işlədi. Azərbaycanda ara qarışıb, məzhəb itən vaxtlar (1980-ci illərin sonu 1990-cı illərin əvvəllərini nəzərdə tutur-S.Həmid) dünyasını dəyişdi. Heyif ondan. Yaxşı rəhbər idi. Təsəvvür edin ki, Cığatay müəllim, iki rusu və məni özü ilə götürüb sənədlərimizlə birgə onun təsdiqinə aparıb. Sıravi müxbiri sədr səviyyəsində təsdiq edirlər. Sədr deyir ki, mən görüm kimi işə götürürsüz. Dedi ki, Cığatay, bunlar məni bağışlasın, sən de görüm bunlardan ən yaxşı yazan hansıdır? Cığatay müəllim də ayağa durdu, dedi: “Teymur Süleymanoviç, ya delayu stavku na Rasim Aqayeva”. Elə də oldu. Radioya işə götürüləndən 1 il sonra məni Moskvada yeni açılan “Mayak” radiosuna işə dəvət etdilər.

– Beləliklə, ömrün Moskva dövrü başladı...

– Moskvada işləyəndən bir qədər sonra – 1961-ci ildə “Aqentstvo peçatı “Novosti” – APN, indiki “RİA Novosti” açıldı. Mən 1969-cü ildə ora yazdım, dərhal işə götürdülər.

– Bəs, Yaxın Şərqə gedişiniz necə baş verdi?

– APN-də Xaçaturov soyadlı sədr müavini var idi. Bir gün məndən soruşdu ki, hansı dili bilirsən. Dedim, zəif ingiliscəm var. Dedi, yox, sən ərəb dilini öyrən. Ərəb dilini öyrənən kimi mən sənin taleyini həll edəcəm. Biz Livanda büro açırıq, göndərməyə adam tapmırıq. Mən də Bakıya qayıdıb iki il ərəb dili kursuna getdim. Qurtarandan sonra məni yenidən çağırdılar. O vaxtlar xaricdə ezamiyyətin müddəti 3 il idi, 3 ildən sonra qayıtmalı idin. Mənim ezamiyyət müddətim isə 5 il çəkdi. 1971-ci ildən Yaxın Şərq ölkələrində işləməyə başladım.

Sovet səfiri özünü Suriyada birinci katib kimi aparırdı

– Həmin illərdə kimlərlə işlədiniz, hansı maraqlı hadisələrə şahidlik etdiniz?

– Demək, 1974-cü ildə gəlmişəm Suriyaya. Suriyada da səfir 1955-57-ci illərdə Özbəkistanın birinci katibi olmuş Nuritdin Muxitdinovdur. Bu da özünü elə aparır ki, sanki Suriya Özbəkistandır, bu da oranın birinci katibidir. Qarnını qabağa verə-verə gəzir. Mən də bütün gecəni yol gəlmişəm. Bir neçə gün aeroportda qalmışam. İsraillə müharibə gedir, sərhədi bağlayıblar. Dəməşqə bütün uçuşlar dayandırılıb. Birtəhər Tehrandan keçməklə Dəməşqə gələ bildim. Gələn kimi dedilər ki, APN-in Livandakı müxbiri itib. Onu axtar tap. Maşınla Livana saat yarımlıq yoldur, müharibə gedir. Mən bunu hardan tapım? Nə isə Beyrut küçələrində sorqalaşa-soraqlaşa birtəhər büronu tapdım. Gördüm, bu rus müxbir içib yatıb. Özü də içirdi, arvadı da. Dedim, sən qayıt Moskvaya, burda qalsan sənin üçün pis olacaq, müharibə gedir, səni vura bilərlər. Beləliklə, mənim Livanda fəaliyyətim başladı.

Livan mətbuatının 60 faizi ermənilərin əlində idi

– Yaxın Şərqdə işiniz necə idi?

– Bu, böyük bir məktəb idi. Həm diplomatiya, həm qəzetçilik, həm də təşkilatçılıq idi. Moskvadan zəng vururdular ki, dünən Brejnev çıxış edib, onun çıxışı mütləq qəzetlərdə getməlidir. Kimdir orda Brejnevi sayan? Biz öz şəxsi əlaqələrimizdən, tanışlıqdan, yeri gələndə pul xərcləməklə, yeyib-içmək məclisləri təşkil etməklə onlarda bu kimi məlumatların getməsini təmin edirdik. Ərəb ölkələrində bizim 10-15 qəzetimiz çıxırdı. Biz həm yerli mətbuatla işləyirdik, həm də orda ərəb dilində qəzet buraxırdıq.

– Livan mətbuatında spesifiklik nədən ibarət idi?

– Livan mətbuatının demək olar, 60 faizi ermənilərin əlində idi. Orda mənim yaxın adamım da erməni balası idi. Nə lazım idisə, təşkil edirdi. Çünki hara əl atırdısa, bir erməni tapırdı. Hətta, Moskvadan Xaçaturov zəng vurub deyirdi ki, necə olur sən orda ermənilərlə dil tapırsan, mən ora erməni göndərdim, hamı ilə dava edib üstümə gəldi. Dedim, burda nə var, pulla işləyirlər də.

Səddamla ilk görüşüm 1980-ci ildə oldu

– Bildiyimiz qədər həmin dövrdə Yaxın Şərq ölkələrindən bəzilərinin liderləri ilə görüşmüşünüz. Bu görüşlər barədə danışmağınızı istərdik...

– İlk dəfə 1980-ci ildə Səddam Hüseynlə qısa görüşüm oldu. O çox güclü və qəddar adam idi. Ərəb ölkəsini əldə saxlamaq böyük mərahət və hünər tələb edir. APN-in bürosunu yaradırdıq. Səddamla aramız dəydi, o da həm TASS-ı, həm də bizim büronu bağladı və mən geri qayıtdım. Artıq hiss edirdim ki, jurnalistikada yorulmuşam. Bu sahədə mənim üçün sirr yoxdur, artıq mənə maraqlı gəlmirdi. Gəldim Moskvaya, İctimai Elmlər Akademiyasına qəbul olundum. “Müasir dövrdə İraqın inqilabi qüvvələri” mövzusunda elmi iş götürdüm. Fikirləşirdim ki, İraqla əlaqələri pozmayım, bəlkə elə bu yolla İraqa qayıdım. Faktiki 3 il işlədim, bir neçə dəfə İraqa gedib-gəldim.

Dedilər, Qəddafi bizimlə dava edir ki, hanı o müxbir?

Müdafiə etdim, məni Livana göndərməli idilər, orda informasiya mərkəzi açmışdılar. Məni də oranın baş redaktoru qoyurdular. Sədrin qəbulunda oturmuşam, bu vaxt zəng gəldi. Dedi ki, oturub yanımda, mən onu bu gün sabah göndərirəm. Dedim nə olub? Dedi əşşi, işləməyə qoymurlar. Mən səni Livana göndərmək istəyirəm, Beyrutda hər şey hazırdır. İndi Mərkəzi Komitədən zəng ediblər, deyirlər Liviyada boşluqdu. Qəddafi bizimlə dava edir, deyir, bu qədər söz vermisiz, adi bir büronu da aça bilmirsiz. Məni nəzərdə tutmayaraq deyir ki, hanı o müxbir, onu göndərin bura. Bunu mənə deyəndə dedim, mənim Liviyada nə işim var? Mən İraq üzrə müdafiə etmişəm. Sədr dedi, əşşi sənin üçün nə fərqi var, get otur orda, orda vaxtın başa çatanda mən səni göndərəcəm İraqa. İraq qurtaranda Livana. Beləcə 3-4 ay ərzində gedib düşdüm Liviyaya.

Ancaq bu artıq ciddi məktəb idi. 1983-cü ildən 1989-ci ilədək Liviyada işlədim. Bu illər Liviyanın ən maraqlı dövrü idi. Məndən qabaq orda Movsesyan soyadlı erməni işləyirdi. Mənim işim daha xoş oldu, daha çox bəyənildi. Vəzirov (keçmiş birinci katib Əbdürrəhman Vəzirovu nəzərdə tutur-S.Həmid) gələnədək oturub gül kimi işləyirdim.

– Bu məsələyə sonra qayıdarıq. Hələlik Liviya lideri Müəmmar Qəddafi ilə görüşləriniz barədə danışın. Onunla neçə dəfə görüşmüsüz?

– Qəddafi ilə 4-5 dəfə görüşmüşəm.

– Müxbir kimi?

– Mən həm müxbir, həm də SSRİ-nin Liviyadakı səfirliyinin birinci katibi idim. Bu, bizə diplomatik toxunulmazlıq hüququ verirdi. Çünki bəzən müxbirləri ilişdirirdilər, kiminsə dəyib-dolaşmamağı üçün onlara diplomat pasportu verirdilər. Bu da toxunulmazlıq verirdi. Mən iki vəzifə daşıyırdım. Həm APN-nin bürosunun rəhbəri, həm də qeyd etdiyim kimi səfirliyin birinci katibi idim. Ona görə də səfirlə bütün görüşlərə mən də gedirdim. SSRİ-nin Liviyadakı səfiri, milliyyətcə erməni olan Poqos Akopovla birgə Qəddafi ilə ilk görüşə gedəndə məni təqdim etdi, dedi ki, bu bizim yeni əməkdaşdır. Qəddafi dedi ki, bu, nəsə rusa oxşamır. Mən də dedim ki, bəs erməniyə oxşayıram? Dedi, yox erməniyə Akopov oxşayır. Səndə müsəlmanlara bənzərlik var. Sənin nəsə müsəlmanlığın var. Dedim, düz deyirsiz, ancaq mən kommunist müsəlmanam. Qəddafi özünü ərəb dünyasının, müsəlmanların lideri saydığı üçün bu cavabdan xoşlanmadı. Dedi, bu necə olur, bunu necə başa düşmək olar? Müsəlmana heç nə lazım deyil. İslam sənin üçün azdır? Dedim, az deyil. Ancaq bu, sovet hökumətinin qanunudur. Qəddafi də dedi ki, bu nə qanundur, məni başa sal görüm. Bu necə olur, sən həm müsəlmansan, həm kommunistsən. Bəs sənə evdə necə baxırlar? Mən də zarafata saldım.

Qəddafi dedi ki, silah verməsəniz, Kubaya neft verməyəcəm

O məni yadında saxladı. Bir neçə ay keçdikdən sonar Liviya ilə SSRİ arasında problem yarandı. Biz Liviyaya silah verirdik. Bizim orda hərbçilərimiz var idi. Faktiki olaraq Liviyanı Sovet İttifaqı saxlayırdı. Qəddafi bizdən silah istəmişdi, bizimkilər də vermək istəmirdilər. Çünki hər şeyin təhəri var. Liviyadı, silah verəcəksən, götürüb sabah o silahı Amerikaya atacaq. Sərnişin təyyarəsini vuran adamdan nə gözləmək olar? O dövrdə Kuba yanacağı yalnız SSRİ-dən alırdı. SSRİ də Liviya ilə danışmışdı. Bu yanacağı tankerlərlə Liviya göndərirdi. Kuba bizə çox baha başa gəlirdi. SSRİ-nin imkanları və məqsədləri böyük idi. SSRİ silah verməkdən imtina etdikdən sonra Qəddafi Kubaya yanacaq göndərməyi qadağan etdi. Səfir bunu öyrənməyi mənə tapşırdı. Mənlə araları yaxşı idi, çünki mən müsəlmançılığa salırdım. Başladılar mənə nağıl danışmağa. Bir nəfəri tapdm, dedim, tankeri niyə buraxmırsız? Dedi, silahı verin, tankeri buraxsın. Silah gəlməyənədək tanker Benqazi limanını tərk etməyəcək. Gəldim dedim ki, Poqos Semyonoviç, Kuba yeni – 1989-cu ili yanacaqsız qarşılayacaq. Dedi, bunu sənə kim deyib? Dedim, gömrük rəhbərinin yaxın adamı. Səfir başqa bir mənbə ilə danışdı. Ordan da dedilər ki, tankerin getməməsi silaha görədir. Beləliklə, mənim informasiyam təsdiqləndi. Ona görə səfir mənə etibar edirdi. Səfir Moskvaya ətraflı bir məktub yazdı. Onlar da bizim həşirdə olduğumuzu görürdülər. Yazdı ki, gəlin, silah danışıqlarına başlayaq, bu gün imzalayıb sabah göndərmirsən ki?! Bu şoqərib tanker limandan çıxsın. Sonra baxarıq, ya xan ölər, ya eşşək. Moskvada bunu bəyəndilər. Beləliklə, tanker limandan çıxdı. Elə dekabrın 31-də oturub yenicə yeyib içirdik, zəng gəldi ki, Qəddafi sizi çağırır. Dedik, kimi? Dedilər səfiri. Səfir dedi ki, Rasim, sən də mənimlə gedək. Dedim, Poqos Semyonoviç, məni neynirsiz, mən içmişəm. Dedi, baxma o müsəlmanı görəndə bir az yumşalır. Nə isə getdik Qəddafinin qəbuluna. Qəddafi məni görəndə nə desə yaxşıdır? Dedi ki, erməni, qəsdən müsəlmanı da gətirmisən ki, mən bir az yumşalım, hə? O, ya bizim danışığımızı dinləyirmiş, ya da təsadüfən belə dedi. Səfir diplomatik bir cavab verdi. Mən dedim, sizin versiyaların heç biri deyil. Mən tezliklə gedirəm, siz məni başqa cür qəbul etməyəcəksiz, ona görə gəldim ki, sizinlə sağollaşım. Ancaq mən hələ bundan 6 ay sonra qayıdacaqdım. O mənə yaxşı bir albom bağışladı. Liviyanı əks etdirən bu albomu o yüksək vəzifəli qonaqlara bağışlayırdı. O albom da Mərdəkandakı bağdadır.

Qəddafi nə demişdisə, hamısı təsdiqini tapdı

– Müsahibəyə hazırlıq prosesi zamanı demişdiniz ki, Qəddafinin dediklərinin hamısı öz təsdiqini tapdı. O nə demişdi və nə təsdiqini tapdı?

– O deyirdi ki, ABŞ SSRİ-nin əleyhinə işləyir. Bunu biz də bilirdik. Ancaq onun faktları var idi. O, mənim gözümün içinə dedi ki, Qorbaçov SSRİ-ni satır, sizi satır, sonra da məni satacaq. Dedi, mən bunu sizə görə demirəm. Dedi, mənə silahı niyə vermirsən? Müsəlman olduğuma görə? Bəs, niyə gizli-gizli İsraillə aranı düzəldirsən? Dedi, indi inanmırsınız, amma bunu görəcəksiz. Akopov da dedi ki, o zaman biz həyatda olmayacağıq. Dedi, yox, bizim yaşadığımız günlərdə olacaq, bu gün sabahlıq məsələdir. Üstündən 3 il keçəndən sonra SSRİ dağıldı. Mən o zamandan düşünürəm ki, onda hansısa məlumat var idi, yoxsa özü bunu müəyyən etmişdi. Onu da deyim ki, Qəddafi çox adama inanmırdı. O həm məlumatlı adam idi, həm də sözünü açıq deyirdi. Məsələn, o sözü sovet diplomatına çox lider deyə bilməzdi. Bizim də xoşumuza gəlmirdi. Həqiqət kimin xoşuna gəlir ki?

Qəddafi despot idi, ancaq xalqını yaşadırdı. Uşaq doğulanda onun adına 5 min dollarlıq hesab açılırdı. Liviyalı tələbələri dünyanın istənilən ölkəsində dövlət hesabına pulsuz oxumağa göndərirdi. Onlar qayıtdıqdan sonra 3 il öz ölkələrində işləməli idilər. Qəddafinin xalqına etdiyi yaxşılıqlar hədsiz dərəcədə çox idi.

– Yaxın Şərqin başqa hansı liderləri ilə ünsiyyətdə olmusunuz?

– Camal Əbdül Nasirin vaxtında Misirdə olmuşam. O, çox güclü, hündürboy adam idi. Başqa ərəb ölkələrinin liderlərini yerində oturdurdu. “Otur yerində”, - Nasir İordaniya kralı Hüseyn ibn Talala, indiki kralın atasına bir dəfə beləcə də demişdi. Onu adam yerinə saymırdı. Camal Əbdül Nasir Misirin lideri kimi gəldi, sonra bütün ərəb dünyasının liderinə çevrildi. Ancaq ölkə və xalqı liderin qarşıya qoyduğu məqsədlərə uyğun gəlmədi.

Vəzirov zəng vurdu, dedi, “Rasim, təcili Bakıya qayıt”

– Qayıdaq Bakıya gəlişinizə. Bu necə baş verdi?

– Rəhman (yenə keçmiş birinci katib Əbdürrəhman Vəzirov nəzərdə tutulur-S.Həmid) Moskvaya zəng vurub ki, işləməyə adam yoxdu, mən adam axtarıram. Mən də oturmuşam Tripolidə ofisdə. Zəng gəldi. Telefonu götürdüm. Bilmirəm, kimdir zəng edən. Deyir: “Rasim, salam. Mən Moskva ilə razılaşmışam, sənin yerinə adam göndərəcəklər, sən təcili Bakıya qayıt”. Elə bildim, kimdisə zarafat edir. Elə bildim, zarafat edirlər. Dedim “Kimdir bunu deyən". Dedi “Necə yəni kimdir, Rəhman”. Mən bilirdim ki, Vəzirov Azərbaycana birinci katib gəlib. Dedim ki, “Rəhman Xəliloviç, bu necə olur? Siz ki xaricdə işləmisiniz. Bu o qədər də asan məsələ deyil”. Qayıtdı ki, “Bilirəm, vaxtım yoxdur, səni Bakıda gözləyirəm. Hələlik". Sürətlə danışıb, dərhal dəstəyi asdı. Getdim səfirin yanına. Səfir Akopov da mənə həmişə deyir ki, Rasim, nə badə qayıdasan. Otur burda. Mən istəmirəm dəyişiklik olsun. Bax, sən gedəcəksən, göndərəcəklər bir rusu. O da başlayacaq içməyə. İçib mənə problem yaradacaq. Mən sənə inanıram. Nə isə Rəhmanın dediklərini buna çatdırdım. Dedi, sən nə danışırsan, yerimizi hələ təzəlikcə bərkitmişik. Dedi, Moskvaya yazacam ki, səni tərpətməsinlər.

Rəhman da gəlib Moskvaya, deyib bu nədir, bir adam tapmışdım, onu da qoymursuz gətirməyə. Qəddafi Rasimsiz dolana bilmir? Beləcə məni dartıb gətirdilər.

– Burda necə başladı?

– Deməli, Liviyadan axşam gəlmişəm. Təzə gəlib çatmışam, heç yuxumu almamışam. Səhər Rəhman zəng edir. Yenə eyni sürətlə danışır: “Rasim, hardasan? Tez bura gəl”. Onun iş üslubu belə idi. Bakıya şənbə günü gəlib çatmışam. Fikirləşirəm ki, şənbə-bazar istirahət edərəm, bazar ertəsi gedərəm Mərkəzi Komitəyə. Gəldim, dedi, gedirik Xaçmaza. Əşşi, mənim Xaçmazda nə işim var? Xaçmazdan sonra getdik Qubadlıya, Qubadlıdan sonra Ağdama. Ağdamda qırğın-mərəkə... Gəldim, səfirə zəng etdim. Dedim, Poqos Semyonoviç, yaman zibilə keçmişəm. Dedi nə olub? Hal-qəziyyəni danışdım. Dedim, nə məsləhət görürsünüz? Dedi, Rasim mən də sənin günündəyəm. Dedi, mən elə bir yerə məktub yaza bilərəm ki, sən mənim yanıma gələ bilərsən. Ancaq bunun sabahını fikirləş. Sən gec-tez qayıtmalısan. Sən qayıdanda bunu sənin yadına salacaqlar. Deyəcəklər yadındadı, sənə dedik gəl, gəlmədin. Ancaq indi gəlmisən, işləyirsən. Baxım ki düz deyir.

– Mərkəzi Komitədə Sizə hansı işi tapşırdılar?

– Rəhman məni MK-da şöbə müdiri götürəcəkdi. Artıq məni təbrik edirlər. Dedi ki, Rasim, bilirsən, mən istəyirdim sən şöbə müdiri gedəsən. Ancaq elə mənim köməkçim kimi qal. Mən də artıq Liviyadan yığışıb gəlmişəm. Dedim siz deyən məsləhətdi. Nə deyə bilərdim ki? Akopova bunu deyəndə qayıtdı ki, “Köməkçi daha böyük vəzifədi, nəinki şöbə müdiri. Respublikanın ikinci adamı olacaqsan”. İşlər təzə-təzə yoluna düşəndə Rəhman yox oldu. Ayaz Mütəllibov gəldi. Mənim də fikrim budan ibarətdir ki, geri qayıdım, çünki boğaza yığılmışdım. Akopov da mənə deyir ki, bir-iki aya gəldin, gəldin. Gəlmədin, yerinə adam götürəcəklər. Mən də gəldim Ayaz Müəllibovun yanına. Dedim, “Ayaz Niyazoviç, Sizi təbrik edirəm. Təbii ki, Siz öz adamlarınızı yığacaqsız. Mən bunu yaxşı başa düşürəm”. Mənim Ayazla heç bir münasibətim olmayıb. Sadəcə, adımı eşidib ki, Mərkəzi Komitədə Rasim Ağayev adlı bir işçi var, Vəzirov işə götürüb, xaricdən gəlib və sair. Onda belə adamların hörməti böyük idi. Ayaz dedi ki, sən neyləmək istəyirsən ki? Dedim, mənim orda yerim var, mən xaricə qayıtmaq istəyirəm. Dedi, “Əşşi, sən nə danışırsan? Mən kimi götürəcəm, mən kimi tanıyıram? Sən qaçacaqsan ora, o biri qaçacaq bura. Elə şey yoxdu. Otur işini işlə”. Belə-belə iki ay sonra təbliğat şöbəsi müdirinin birinci müavini, bir qədər sonra şöbə müdiri qoydu. Bir az keçmiş Xalq Cəbhəsi gəldi, qırğın-mərəkə başladı. Gördüm ki, dövləti idarə etmək onların işi deyil. Axı bu respublikadır. Təsəvvür edin ki, sən maşın sürmək istərisən, hardasa bir az “Jiquli” sürmüsən, sənə gətirib “Linkoln” veriblər. Onu Bakının küçələrində necə sürəcəksən, ay bədbəxt? Azərbaycanın bütün bəlaları o zaman başladı. Beləliklə, 1992-ci ildə çıxıb getdim.


Müəllif: Səxavət Həmid